İran ABŞ ilə yeni bir sazişin imzalanmasından sonra xaricdə dondurulmuş maliyyə aktivlərinin yarısının dərhal sərbəst buraxılmasını tələb edir. 




Sfera.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Kazem Qəribabadi “Mehr” agentliyinə müsahibəsində bildirib.




Nazir müavini qeyd edib ki, Tehranın maraqlarına cavab verən və mütləq həllini tapan əsas məsələlərdən biri məhz dondurulmuş vəsaitlərin geri qaytarılmasıdır:




"Bu vəsaitlərin nə qədərinin əvvəlcə, nə qədərinin isə müəyyən müddətdən sonra köçürülməsi hazırda müzakirə mövzusudur. Lakin İranın minimum tələbi bəllidir: Anlaşma memorandumunun imzalanmasından dərhal sonra dondurulmuş vəsaitlərin 50%-i ölkəyə köçürülməlidir".




K.Qəribabadi onu da vurğulayıb ki, söhbət Qərb ölkələrinin və ya ABŞ-nin öz vəsaitlərindən getmir və İran bunun üçün hər hansı yardım yaxud maliyyələşdirmə istəmir.


 


Onun sözlərinə görə, bu pullar rəsmi Vaşinqtonun qanunsuz addımları ucbatından digər ölkələrdə ilişib qalan rəsmi Tehrana məxsus aktivlərdir:




"Bunlar ABŞ-nin qanunsuz olaraq dondurduğu və digər ölkələrin onları İran İslam Respublikasına köçürməsinin qarşısını aldığı şəxsi vəsaitlərimizdir".




Bəsti Rəfizadə

Sfera.az