Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, müharibəyə son qoymaq üçün bütün diplomatik formatları dəstəkləyir və Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazırdır. Bu barədə o, Kiyevdə Ukrayna-NATO Şurasının iclasından sonra NATO-nun Baş katibi Mark Rutte ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.


 


Sfera.az xəbər verir ki, Zelenski vurğulayıb ki, müharibəyə son qoymaq alternativsizdir: 


 


“Biz bütün formatları dəstəkləyirik. Bu müharibəyə son qoymaq üçün Putinlə birbaşa danışıqlara hazıram. Silahlı Qüvvələrimizin gücünü döyüş meydanında göstəririk”.


 


O, ABŞ-ın verdiyi hərbi yardımı da şərh edib. PAC-3 raketlərinin çatdırılmasında yavaşlamanın maliyyə problemi ilə deyil, Yaxın Şərqdəki müharibə ilə bağlı olduğunu açıqlayan Zelenski deyib:


 


“Tərəfdaşlarımızdan müəyyən miqdarda PAC-3 raketləri alırdıq, lakin sonra bu aylıq həcm azaldı. Onları daxili istehsalımızla əvəz etməyə çalışdıq, lakin tam əvəz edə bilmirik. 2025-ci ildə ABŞ ilə yeni Patriot paketini əldə edə biləcəyik, amma illərlə gözləmə var”.


 


Prezident ABŞ-ın roluna da diqqət çəkərək əlavə edib:


 


“Mən inanıram ki, ABŞ Putini müharibəyə son qoymağa məcbur edə biləcək ən güclü aktyordur. Avropanın masada olması da vacibdir, çünki müharibə burada Avropada gedir”.


 


Zelenski, Ukraynanın NATO üzvlüyünün müzakirə olunduğunu bildirərək deyib:


 


“Bugünkü iclasda bir çox ölkə Ukraynanı NATO-da görmək istədiklərini söylədi. Hətta hesab edirəm ki, ruslar da Ukraynanın NATO-da olmasına ehtiyac duyurlar”.


 


Mənsumə

Sfera.az