ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampın İranla davam edən hərbi əməliyyatları ilə bağlı səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini qəbul edib. Sənədə əsasən Ağ Ev ya ABŞ qoşunlarını münaqişə zonasından çıxarmalı, ya da hərbi əməliyyatları davam etdirmək üçün Konqresin rəsmi təsdiqini almalıdır.


 


Sfera.az xəbər verir ki, qanun layihəsi çərşənbə günü keçirilən səsvermədə 215 səslə lehinə, 208 səslə isə əleyhinə qəbul olunub. Səsvermədə diqqətçəkən məqam 4 Respublikaçı konqresmenin Demokratlarla birlikdə səs verməsi olub. Bu Respublikaçılar Partiyası daxilində Trampın müharibə siyasətinə dair artan narazılığın açıq göstəricisi kimi qiymətləndirilir.


 


Qanun layihəsi uzun müddətdir gündəmdə olan “müharibə səlahiyyətləri” müzakirələrini yenidən alovlandırıb. Sənədin tərəfdarları hesab edirlər ki, ABŞ prezidentinin Konqres təsdiqi olmadan genişmiqyaslı hərbi əməliyyatlar aparması Konstitusiyanın balans prinsiplərinə ziddir və qanunverici orqanın səlahiyyətlərini zəiflədir.




Respublikaçı rəhbərliyin əvvəlcə səsverməni təxirə salmağa çalışdığı, lakin partiya daxilində kifayət qədər dəstək formalaşmadığı üçün sonradan prosesi dayandıra bilmədiyi bildirilib. Uzun sürən münaqişə və administrasiyanın nəticə əldə edə bilməməsi də qanun layihəsinin gündəmə gəlməsində rol oynayıb.


 


Digər tərəfdən, Tramp və onun yaxın çevrəsi Konqresin bu cür təşəbbüslərinin prezidentin konstitusion müharibə səlahiyyətlərinə müdaxilə olduğunu iddia edir və qərara qarşı çıxır.


 


Məsələ artıq Senata göndərilib və burada müzakirələrin daha gərgin keçəcəyi gözlənilir. Siyasi analitiklər hesab edirlər ki, bu səsvermə yalnız İran siyasəti ilə bağlı deyil, həm də qarşıdan gələn ara seçkilər öncəsi Respublikaçılar Partiyası daxilində dərinləşən fikir ayrılıqlarını üzə çıxarır.


 


ABŞ ictimaiyyətində isə uzunmüddətli münaqişələrin iqtisadi və siyasi yükü ilə bağlı narazılıqların artdığı, müharibəyə dəstəyin isə getdikcə azaldığı qeyd olunur.


 


Mənsumə

Sfera.az