Yaxın Şərqdə davam edən müharibə Yaponiyada plastik məhsulların istehsalında ciddi problemlərə səbəb olub. Səbəb isə plastik istehsalının əsas xammallarından biri olan naftanın tədarükündə yaranan çətinliklərdir. Xam neft ehtiyacının böyük hissəsini Yaxın Şərqdən qarşılayan Yaponiyada logistika və təchizat zəncirindəki problemlər plastik torba, qida qabı və birdəfəlik əlcəklərin çatışmazlığına gətirib çıxarıb.
Sfera.az xəbər verir ki, Yaponiya Neft-Kimya Sənayesi Assosiasiyasının (JPCA) məlumatına görə, alış-veriş və zibil torbalarının istehsalında istifadə olunan polietilen istehsalı mart ayında ötən ilin eyni dövrü ilə müqayisədə 62 faiz azalıb. Oxşar azalma digər plastik məhsulların istehsalında da müşahidə olunur.
Çatışmazlıq artıq gündəlik həyata təsir göstərməyə başlayıb. Bəzi supermarketlər işçilərə meyvə və tərəvəzləri ayrıca plastik torbalara yerləşdirməməyi tapşırıb. Tokionun ətrafındakı çörək sexləri isə bagetlər üçün istifadə olunan plastik torbaların tükəndiyini bildirən elanlar yerləşdiriblər. Qida istehsalında istifadə olunan birdəfəlik əlcəklərin azalması da müəssisələri çətin vəziyyətdə qoyub.
Problemin dərinləşməsi fonunda bəzi müəssisələr alternativ həll yollarına əl atırlar. Müştərilərə öz qablarını gətirmələri tövsiyə olunur, hətta bəzi obyektlər buna görə əlavə endirim və ya hədiyyələr təqdim edirlər. Supermarketlərdə isə plastik torbaların satışına məhdudiyyətlər tətbiq olunub.
Mütəxəssislər vəziyyətin yaxın aylarda daha da ağırlaşa biləcəyini bildirirlər. Böhran yalnız Yaponiya ilə məhdudlaşmır. Yaxın Şərqdən neft və nafta idxal edən Cənubi Koreya və Tayvanda da plastik məhsulların qiymətində artım və təchizat problemləri müşahidə olunur.
Mənsumə
Sfera.az