Çin Dövlət Başçısı və Kommunist Partiyasının Baş Katibi Si Cinpin Şimali Koreya lideri Kim Çen Inın dəvəti ilə 8-9 iyun tarixlərində Pxenyana rəsmi səfər edəcək.




Sfera.az xəbər verir ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Departamenti tərəfindən verilən açıqlamada, səfər çərçivəsində Si Cinpinin həm təkbətək, həm də nümayəndə heyətləri arasında görüşlər keçirməsi gözlənilir.


 


Danışıqlarda iki ölkə arasındakı ikitərəfli münasibətlərlə yanaşı, regional təhlükəsizlik məsələlərinin də masaya yatırılacağı ehtimal olunur. 




Qeyd edək ki, Si Cinpinin Şimali Koreyaya son rəsmi səfəri 2019-cu ildə, COVID-19 pandemiyasından əvvəl baş tutmuşdu. Beləliklə, Çin lideri təxminən 7 ildən sonra yenidən Pxenyan rəhbərliyi ilə bir araya gələcək. Analitiklər bu səfərin iki ölkə arasındakı siyasi və iqtisadi əlaqələrin yenidən canlandırılması baxımından mühüm dönüş nöqtəsi olacağını vurğulayıblar.




ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Putinin son dövrlərdə Çinə etdikləri səfərlərdən sonra reallaşan bu görüş qlobal diplomatiya trafiki baxımından olduqca kritik hesab olunur. Ekspertlər hesab edir ki, Çin-Şimali Koreya münasibətlərinin dərinləşməsi Asiya-Sakit okean regionundakı geosiyasi tarazlığa birbaşa təsir göstərəcək.




Bəsti Rəfizadə

Sfera.az