Son illərdə onlayn alış-veriş gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. İnternet üzərindən alış-veriş marağı əhəmiyyətli dərəcədə artıb. Bu tendensiya ənənəvi formada fəaliyyət göstərən mağazaların işinə də təsirsiz ötüşmür. Bir çox sahibkar alıcı axınının azalmasından şikayət etdiyi halda, bəziləri rəqabətə uyğunlaşmaq üçün satışlarını onlayn platformalara keçirməyə çalışır.
Bəs elektron ticarətin sürətli inkişafı mövcud mağazaların gələcəyini təhlükə altına salırmı?
Sfera.az-a açıqlama verən iqtisadçı Allahverdi Cəfərov onlayn ticarətin digər mağazaları sıradan çıxaracağına inanmır:
“Yaxın zamanlarda fiziki mağazaların tamamilə sıradan çıxacağı gözlənilən deyil. Ola bilsin ki, çox uzaq bir dövür üçün bunu proqnozlaşdırmaq olar. Amma indiki halda, müşahidə olunan mənzərə odur ki, fiziki mağazaların müştərisi tədricən azalmağa doğru gedir. Əlbəttə bu həmin mağazaların tamamilə sıradan çıxdığı anlamına da gəlmir. Sadəcə olaraq müştərilərinin bir hissəsini itirir. Bu baxımdan onlayn ticarət platformaları ilk növbədə müştəri bazası kiçik olan fiziki mağazalara təsir edir. Xüsusən də, ənənəvi formada məhsul satan və yeniliklərə açıq olmayan mağazalar üçün onlayn ticarət daha çox təsir edir. Biz bəzən müşahidə edirik ki, kiçik mağazalar onlayn satış həyata keçirməsə belə, texnologiyanın gətirdiyi yeniliklərdən faydalanaraq müştərilərini qorumağa çalışır. Məsələn, sosial şəbəkələrin gücündən istifadə edən mağazaların sayı sürətlə artır”.
Ekspert onlayn ticarətin müsbət tərəflərinin daha çox olduğunu vurğulayıb:
“Onlayn ticarətdən fərqli olaraq fiziki mağazalar icarə haqqı ödəyir, kommunal xidmətlərdən istifadə edir, işçilərə maaş verir, anbar və logistika kimi əlavə xərcləri olur. Amma, elektron ticarətdə bu xərclərin bir hissəsi ya azalır, ya da tamamilə ortadan qalxır. Bunun nəticədə onlayn ticarətdə qiymətlər daha aşağı olur. Onlayn ticarətə marağın artmasında əsas səbəbi də budur. Qiymətlər daha aşağı olduğu üçün alıcılar onlayn ticarətə üstünlük verirlər. Eyni zamanda vaxta qənaət baxımından da onlayn ticarət, ənənəvi ticarətdən üstündür. Xüsusən də Bakı kimi, tıxacların çox olduğu şəhər mühitində insanların onlayn ticarətə üstünlük verməsi tamamilə başadüşüləndir. Bəzən fiziki mağazalardan kiçik bir məhsulu almaq üçün saatlarla vaxt sərf etmək lazım olur. Hazırda onlayn ticarətdə əsas çatışmazlıq odur ki, alıcılar məhsulu canlı olaraq görə bilmirlər, ona toxuna bilmirlər. Bu amil, uzun illər fiziki mağazalardan istifadə edən orta və yaşlı insanlar üçün müəyyən çətinliklər yarada bilir".
Ekspert dedi ki, onlayn ticarətin ölkə iqtisadiyyatına müsbət və mənfi təsirləri var:
"Məsələn, kiçik sahibkarlar böyük investisiya olmadan öz məhsullarını sata bilirlər. Bu da inhisarçı mövqedə olan böyük şirkətləri məcbur edir ki, qiymətləri aşağı salsınlar. Eyni zamanda onlayn ticarətin inkişafı yeni peşələrə tələbatı artır. Fiziki mağazalarda satıcıların sayı azalsa da, buna paralel olaraq rəqəmsal marketinq, kuryer xidmətləri, data analitika, platforma idarəçiliyi kimi sahələrdə işçilərə ehtiyac yaranır. Onlayn ticarət sahəsində uzaq rayonlarda, kəndlərdə yaşayan sahibkarlar belə məhsulunu ölkə üzrə, hətta xaricə sata bilərlər. Onlayn ticarət həm də “kölgə iqtisadiyyatı” dediyimiz qeyri-rəsmi iqtisadiyyatın həcmini azaldır.
Onlayn ticarətin mənfi təsirləri isə odur ki, yeni yaranan rəqəmsal işlər fərqli bacarıqlar tələb edir. Fiziki mağzalarda işləyən şəxslərin əksəriyyəti ixtisassız insanlar olur. Amma, onlayn ticarətdə ixtisaslaşma vacibdir. İndiki halda, bu vəziyyət ixtisassız insanların iş tapmasında çətinliklər yaradır”.
A.Cəfərov xarici platformalardan edilən alış-verişin yerli bazara təsirlərini də izah edib:
“Əsas problem xarici platformada satılan məhsulların daha ucuz olmasıdır ki, bu da yerli satıcıların işinə mane olur. Bu, xüsusilə geyim, elektronika və aksesuar sektorunda müşahidə olunur. Bu vəziyyət yerli biznesin dövriyyəsini azaldır. Nəticədə vergi daxilolmaları da aşağı düşür. Bir çox halda iş yerlərinin bağlanması riski yaranır. Amma əlbəttə ki, xarici platformalardan edilən alış-verişi birmənalı şəkildə mənfi qiymətləndirmək də olmaz. Müsbət tərəflərindən biri odur ki, xarici platformalar yerli bazarı daha rəqabətli olmağa məcbur edir. Sahibkarlar xidmət keyfiyyətini artırır, çatdırılmanı sürətləndirir və ən əsası da qiymət siyasətini yenidən nəzərdən keçirirlər”.
Bəsti Rəfizadə
Sfera.az