Azov dənizində yük gəmilərinə edilən hücum nəticəsində Azərbaycan vətəndaşları arasında ölən və yaralananların olduğu açıqlanıb.
Sfera.az bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın verdiyi məlumata görə, hadisə iyunun 5-də səhər saatlarında Türkiyədən Rostov-na-Donu limanına doğru hərəkət edən "Natra" və "Zirkon" gəmilərinə qarşı baş verib.
Bildirilib ki, hücum nəticəsində hər iki gəminin heyət üzvləri arasında Azərbaycan vətəndaşları da zərər çəkib. Yaralanan dənizçilərə yaxınlıqda olan Rusiya gəmisi və sərhəd xidmətinin əməkdaşları tərəfindən ilkin yardım göstərilib.
Rusiya tərəfi həyatını itirənlərin yaxınlarına başsağlığı verərək, yaralıların tezliklə sağalmasını arzulayıb.
Məlumata görə, hadisənin təfərrüatları araşdırılır. İlkin ehtimallara əsasən, gəmilərə pilotsuz uçuş aparatları ilə hücum edildiyi bildirilir.
Zaxarova əlavə edib ki, Moskva Azərbaycanın Rusiyadakı səfirliyi və Xarici İşlər Nazirliyi ilə daimi əlaqə saxlayır. Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarına konsulluq dəstəyinin göstərilməsi və hadisə ilə bağlı məlumatların dəqiqləşdirilməsi istiqamətində zəruri addımlar atılır.
İnci
Sfera.az