Ukraynada davam edən müharibənin təkcə insanlara deyil, küçə itlərinə də ciddi təsir göstərdiyi ortaya çıxıb.
Sfera.az xəbər verir ki, “Evolutionary Applications” jurnalında dərc olunan araşdırmada Ukraynanın 9 bölgəsindən 763 it üzərində aparılan müşahidələr cəbhə xəttinə yaxın ərazilərlə təhlükəsiz zonalar arasında ciddi fərqlər olduğunu üzə çıxarıb.
Tədqiqat nəticələrinə görə, müharibə bölgələrində yaşayan itlər canavar və çaqqal kimi vəhşi növlərə daha çox bənzər fiziki xüsusiyyətlər formalaşdırmağa başlayıblar. Onlarda daha uzun burun quruluşu, daha az bədən çəkisi, dik qulaqlar, düz quyruq və ağ rəngli tüklərin daha az olması kimi əlamətlər müşahidə edilib.
Alimlər bu dəyişiklikləri müharibə şəraitinin yaratdığı “təbii filtr” ilə izah edərək bildirirlər ki, sağ qalmağa uyğun xüsusiyyətlər daha sürətlə ön plana çıxır.
Araşdırmada yalnız fiziki deyil, davranış dəyişiklikləri də qeydə alınıb. Məlum olub ki, cəbhə xəttindəki itlər daha çox qrup halında yaşayır, yaşlı və xəstə fərdlərin sayı azalır, bəzi hallarda isə insanlardan asılılıq qismən zəifləyir.
Tədqiqatçılar həmçinin bəzi itlərin Ukrayna əsgərləri ilə birlikdə yaşadığını və müharibə bölgələrində qeyri-adi qidalanma davranışlarının da müşahidə olunduğunu bildiriblər.
Alimlərin fikrincə, müşahidə edilən dəyişikliklər birbaşa sürətli təkamül kimi qiymətləndirilməsə də müharibə mühitinin heyvan populyasiyalarına güclü təsir göstərdiyi aydın şəkildə görünür.
Beynəlxalq ekspertlər isə xəbərdarlıq edirlər ki, bu proses yalnız itlərlə məhdudlaşmaya bilər və oxşar dəyişikliklər digər vəhşi və yarıvəhşi növlərdə də müşahidə oluna bilər.
Mənsumə
Sfera.az