İyunun 5-də Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində vətəndaşlarımızın həlak olduğu və xəsarət alması xəbərindən dərhal sonra Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşüblər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, səfirliyin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədirlər və yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər. Yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur. pizza mizza
"Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir.
Eyni zamanda, xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunmaları və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür.
XİN məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır.
Həlak olan şəxslərin kimlikləri, onların cənazələrinin ölkəmizə gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilib.
Telegram kanalımız