"Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz ölkəsinin rifahı naminə elə çalışır ki, hətta düşmənləri belə ona həsəd aparır".
Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, nazirin istefaya getmək istəməsi ilə bağlı yayılan məlumatları təsdiqləməyib.
Rəsmi nümayəndənin sözlərinə görə, nazirin mümkün gedişi ilə bağlı şayiələr bədxahların təxribat xarakterli uydurmalarından başqa bir şey deyil:
"Sizə yalvarıram, o, böyük diplomatdır, rəhbərdir. Öz rəhbərinin tapşırığı ilə ölkəsinin rifahı üçün çalışır", — deyə Mariya Zaxarova qeyd edib.
Xatırladaq ki, Sergey Lavrov 9 mart 2004-cü ildən bəri Rusiya XİN-ə rəhbərlik edir. Ötən ilin noyabrında "Financial Times" (FT) nəşri Rusiya Prezidenti Vladimir Putinin xarici işlər nazirinə qarşı münasibətinin dəyişdiyini və bu səbəbdən nazirin informasiya məkanından itdiyini iddia etmişdi.
Kremldən isə bu cür iddialara əhəmiyyət verməməyə çağırıblar və Lavrovun "aktiv şəkildə fəaliyyətini davam etdirdiyini" vurğulayıblar./Bizim.Media