İyunun 4-5-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın adını xüsusi vurğulaması və rəsmi Bakıya yönəlik yüksək dövlət təşəkkürü səsləndirməsi qlobal diplomatik kulislərdə böyük əks-səda doğurub. Forumdakı çıxışı zamanı Kreml rəhbəri "Azərbaycan tərəfi böyük həcmdə effektiv iş gördü, bütün sorğularımıza dərhal cavab verdi. Bu, vəziyyəti yüngülləşdirmək baxımından çox vacib idi" ifadələrini işlədərək rəsmi Bakının regional proseslərdəki rolunu ön plana çıxarıb. Kremlin beynəlxalq platformalarda digər bir dövləti bu formatda və açıq minnətdarlıq ritorikası ilə bəhs etməsi adi diplomatik praktika deyil. Putin bu bəyanatı ilə həm Azərbaycana qarşı ictimai təşəkkürünü bildirdi, həm də Moskva ilə Bakı arasında ən ali səviyyədə yeni görüş planının detallarını elan etmiş oldu.
"Yeni Sabah" xəbər verir ki, məsələ haqda NOCOMMENT.az-a danışan beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib ki, Putinin ölkəmizə yönəlik bu təşəkkürünün arxasında dayanan hərbi-strateji və logistik səbəblər artıq beynəlxalq aləmə məlumdur: "Rusiya, Yaxın Şərqdə alovlanan ABŞ-İran müharibəsi və Körfəz böhranı zamanı Azərbaycanın təqdim etdiyi logistik dəstəkdən və tranzit imkanlarından birbaşa asılı vəziyyətə düşmüşdü. Şimal-Cənub nəqliyyat dəhlizinin funksionallığının qorunması Moskva üçün həyati əhəmiyyət daşıyırdı. Eyni zamanda Kremlin Azərbaycana bu qədər açıq şəkildə müraciət etməsi başqa bir reallığı da göstərir: Rusiya Cənubi Qafqazda kəskin küncə sıxışdığı bir dövrdə etibarlı, rasional və güclü keçid nöqtəsinə ehtiyac duyur, Azərbaycan isə bu geosiyasi ehtiyacın regiondakı yeganə praktiki və etibarlı cavabıdır".
Ekspertin sözlərinə görə, aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Bakıya reallaşan qəfil səfəri ilə bölgədəki diplomatik mənzərə daha da mürəkkəbləşib və Azərbaycanın geosiyasi çəkisini artırıb: "Zelenskinin Bakı səfəri – 2022-ci ilin fevralında başlayan tammiqyaslı müharibədən bəri onun Cənubi Qafqaza ilk rəsmi gəlişi kimi qlobal mətbuatın diqqət mərkəzində idi. Zelenskinin Prezident İlham Əliyevin yanında dayanıb 'Biz Azərbaycanda üçtərəfli sülh danışıqlarına tam hazırıq — Rusiya da hazırdırsa' açıqlamasını verməsi, rəsmi Bakıya beynəlxalq münaqişələrin nizamlanmasında unikal və olduqca güclü bir qlobal vasitəçilik mövqeyi bəxş etdi. Bu, Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biridir". pizza mizza
Əziz Əlibəyli həmin tarixi görüş zamanı Azərbaycanın yürütdüyü balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət xəttini xüsusi qeyd edib: "Bəs həmin gün Prezident İlham Əliyev hansı mesajları verdi? Dövlət Başçısı Ukrayna ilə Azərbaycanın bir-birlərinin ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq dəstəklədiklərini bir daha bəyan etdi, Ukrayna ilə enerji sahəsindəki əməkdaşlığın genişləndirilməsindən söz açdı və növbəti rəsmi görüşün Ukraynada keçiriləcəyini elan etdi. Yəni Azərbaycan lideri Zelenski ilə mühüm strateji görüntülər nümayiş etdirdi, Bakını qlobal bir sülh və vasitəçilik platforması kimi dünyaya tanıtdı. Lakin eyni zamanda rəsmi Moskvada qıcıq və ya aqressiya yaradacaq hər hansı kəskin ritorik ifadələrin səslənməsinə də imkan vermədi. Məhz bu çevik, balanslı və peşəkar diplomatiyanın nəticəsidir ki, bu gün həm Kiyev, həm də Moskva eyni vaxtda Bakının regionda və dünyada oynadığı strateji rolu yüksək qiymətləndirmək və Azərbaycanla hesablaşmaq məcburiyyətində qalırlar", - deyə politoloq vurğulayıb.
Telegram kanalımız