Dünyaca məşhur lüks moda brendi "Louis Vuitton" Monako Qran-Prisi həftəsonunda diqqətçəkən reklam kampaniyası ilə gündəmə gəlib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şirkət Monako körfəzində 100-dən çox ağ rəngli meqa-yaxtanı xüsusi GPS koordinatları əsasında yerləşdirərək dənizin üzərində nəhəng LV loqosu formalaşdırıb.
Məlumata görə, uzunluğu 50-100 metr arasında dəyişən yaxtalar bir növ “piksel” rolunu oynayıb. Nəticədə havadan baxdıqda Louis Vuitton-un məşhur “LV” işarəsi, eləcə də brendin simvolik ulduz və romb naxışları aydın şəkildə görünüb.
Bildirilir ki, bu nəhəng kompozisiya Monako körfəzinin təxminən dörddəbir hissəsini əhatə edib. Xüsusilə helikopterdən və ya hündürmərtəbəli binalardan izlənilən mənzərə sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Mütəxəssislər bu layihəni son illərin ən diqqətçəkən açıq hava marketinq kampaniyalarından biri kimi qiymətləndirirlər. Kampaniyanın əsas məqsədinin "Louis Vuitton"un lüks və eksklüziv imicini daha da gücləndirmək olduğu vurğulanır.
Qeyd edək ki, Monako Qran-Prisi dünyanın ən nüfuzlu avtomobil yarışlarından biri hesab olunur və hər il çoxsaylı məşhur simaları, iş adamlarını və turistləri bir araya gətirir.
İnci
Sfera.az