İran və İsrail arasında fevral ayından bəri davam edən genişmiqyaslı hərbi münaqişə, apreldə əldə olunmuş kövrək atəşkəs rejimindən sonra bu günlərdə yenidən kəskinləşib. Livanın “Hizbullah” qruplaşmasının İsrailin şimalına raket zərbələri endirməsi və ardınca İsrailin Beyrutu bombalamasına cavab olaraq, İran İsrail hərbi bazalarına raket hücumları təşkil edib. Bu gərginlik fonunda İsrail ordusu Tehran daxil olmaqla, İranın mərkəzi və qərbindəki strateji obyektləri və neft-kimya zavodlarını hədəf alan güclü hava zərbələri endirib və bu hərəkətlər regionu tammiqyaslı müharibənin astanasına gətirib.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan şərqşünas Zərdüşt Əlizadə bildirib ki, İran İsrailə zərbə endirməklə, öz müttəfiqi “Hizbullah”ın yanında olduğunu göstərir:
“İsrail sülh danışıqlarının vədlərini pozaraq Livanda günahsız insanları öldürür. Tel-Əviv bununla “Hizbullah”ı Livan xalqının gözündən salmağa çalışır. “Hizbullah” Livan ərazisinin işğalına qarşı mübarizə aparır. Son döyüşlərdə “Hizbullah” İsrailə ciddi zərbələr endirib. Onlar təkcə İsrailin 200-dən çox tankını məhv edib. Tel-Əviv “Hizbullah”ı “sındırmaq” üçün Beyrutun cənubunda yerləşən və şiələrin çoxluq təşkil etdiyi Dahiyyə rayonuna intensiv hava zərbələri endirir. İran isə müttəfiqi “Hizbullah”ı müdafiə etmək üçün İsrailə lazımi cavab verir. Tehran daha əvvəl Tel-Əvivə xəbərdarlıq etmişdi, lakin onlar buna məhəl qoymadılar. İsrail Livana hücumları ilə öz müttəfiqi Trampın atəşkəs səylərini də yerə vurdu”. pizza
O qeyd edib ki, İsrail mülki şəxsləri öldürməklə beynəlxalq hüququn şərtlərini kobud sürətdə pozur:
“Yəhudilər atəşkəs elan olunandan sonra Qəzza zolağında 1000-dən çox müsəlmanı öldürüb. Bunların 200-dən çoxu qadın və uşaqlardır. Adını da qoyub ki, “terrorizm”ə qarşı mübarizə aparıram. Öz doğma torpağını müdafiə edən insanlara “terrorist” demək olar? İsrail İrana qarşı nə edə biləcək? Uzağı ABŞ-la birləşib İrana 3-4 raket göndərəcək. Əvvəlki hücumlarda olduğu kimi uğursuz olacaq. Faktiki olaraq, İran ABŞ-ı da, İsraili də diz çökdürür”.
Z.Əlizadə Birləşmiş Ştatlar Prezidenti Donald Trampın qarşısında iki seçimin olduğunu diqqətə çatdırıb:
“Ya İsraili yerinə oturtmalıdır, ya da onlarla birlikdə növbəti uğursuz müharibəni gözə almalıdır. Trampın onsuz reputasiyası xeyli zəifləyib. O, bir də İsraillə birlikdə İrana qarşı müharibəyə başlasa, ABŞ parlamenti onu impiçment yolu ilə birdəfəlik hakimiyyətdən uzaqlaşdıra bilər. İnanmıram ki, Tramp bunu gözə alsın. ABŞ Prezidentinin biraz ağlı varsa, bu dəfə İsraili və Netanyahunu dəstəkləməz”.
Nazim Hacıyev
Telegram kanalımız