Ukrayna Prezidenti Volodimir Zelenski ötən həftə rusiyalı həmkarı Vladimir Putinə açıq məktub ünvanlayaraq, müharibəyə son qoymaq üçün birbaşa danışıqlara başlamağı təklif edib.


 


Zelenski müraciətində qan tökülməsini dayandırmağın vaxtı çatdığını vurğulayıb. Lakin baş verən proseslərdən sonra Zelenski Putinin sülh və danışıqlarda maraqlı olmadığını bildirib. Hətta Ukrayna lideri Putinə konkret tarix müəyyən etməyi və şəxsi görüş keçirməyi də təklif edib.


 


Maraqlıdır, nəyə görə Putin danışıqların baş tutmasını istəmir və müharibə daha nə qədər davam edəcək?


 


Məsələ ilə bağlı politoloq Şəhla Cəlilzadə Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, müharibənin başa çatması tərəflərdən birinin ciddi güzəştə getməsi lazımdır və görünən odur ki, bu tərəf Putin olmayacaq:


 



 


“Bu, ya Rusiyanın, ya da Qərbin müharibədən tükənməsi halında mümkün ola bilər. Hələ ki, nə Ukrayna, nə də Rusiya strateji və həlledici üstünlük əldə edib. Odur ki, Putin indiki vəziyyətdə Zelenski ilə görüşü rədd edib. Bu görüşün real nəticə verməyəcəyi aydın idi. Çünki Zelenski Putinin tələb etdiyi əsas şərtləri qəbul etmir. Belə ki, Rusiya işğal etdiyi ərazilərin tanınmasını, Donbasın Ukrayna nəzarətində qalan hissəsinin də ona verilməsini, Ukraynanın NATO üzvlüyü iddiasından birdəfəlik imtinasını, ordusunun məhdudlaşdırılmasını, sanksiyaların ləğv edilməsini tələb edir. Putin bu şərtləri mühüm ölçüdə Tramp Administrasiyası ilə razılaşdıra bilsə də, Avropa üçlüyü (E3) Ukraynanın mövqeyini dəstəkləyir”.


 


Ş.Cəlilzadə bazar günü keçirilən London görüşlərində Ukrayna ilə bağlı səsləndirilən fikirlərdən də bəhs edib:


 


“Bazar günü keçirilən London görüşündə E3 üzvləri Ukraynanın öz “təhlükəsizlik mexanizmini” seçmə hüququnu bir daha səsləndirib, “təhlükəsizlik qarantiyalarından” bəhs ediblər. Həmçinin Rusiyaya qarşı sanksiyalar gedərək artırılır. Artıq Aİ-də 20 paket sanksiya qəbul olunub. 2027-nin sonunadək Rusiyadan təbii qaz və maye qaz alımı sıfıra endiriləcək. Bu, o deməkdir ki, Avropa tükəndirmə müharibəsinin ən azı 2027-dək uzadılmasına çalışır. Başqa sözlə, Avropa Rusiyanı öz sərhəddində məşğul edib, təhlükəsizlik sistemini gücləndirir. Rusiya isə belə bir vəziyyətdə danışıqlara getməyi məqsədəuyğun hesab etmir. Çinlə Sibir-2 layihəsini Qərbin sanksiyalarına alternativ olaraq inkişaf etdirməyə çalışır. Odur ki, müharibənin uzunmüddətli olması, tərəflərdən birinin tükənməsinədək davam etməsi gözlənilir”.


 


Bəsti Rəfizadə


Sfera.az