Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin nəticələrinə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbəri olduğu hakim “Vətəndaş Müqaviləsi” Partiyası dünən keçirilən parlament seçkilərində 49,81% səs toplayıb.
Paşinyan partiyasının ölkə hökumətini formalaşdırmaq hüququ var. Çünki qanuna əsasən ən çox səs toplayan partiya ölkədəki milli azlıqlardan əlavə mandatlar alır. Biznesmen Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 23,29%, keçmiş Prezident Robert Köçəryanın "Ermənistan" bloku isə 9,94% səs toplayıb. Biznesmen Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" Partiyası isə 4% səs toplayıb.
Bu siyasi qüvvələr də Ermənistan Parlamentinə daxil olub. Seçkilərdə iştirak 58,97% təşkil edib. Nikol Paşinyanın "Mülki Müqavilə" partiyasının yenidən qələbə qazanması həm regionun, həm də Azərbaycanla davam edən sülh prosesinin gələcəyi baxımından mühüm siyasi hadisədir.
Bəs Paşinyanın seçkidən əvvəl verdiyi sülh vədləri ilə seçkidən sonrakı real addımları nə dərəcədə üst-üstə düşəcək? Sülh müqaviləsinin imzalanması artıq daha real görünürmü?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Əli Mustafanın sözlərinə görə, Paşinyan səs çoxluğu qazansa da, yekun nəticələr açıqlanmadığına görə, hökuməti təkbaşına qurub-qura bilməyəcəyi məsələsi bir qədər açıq qalır:
“Əgər Paşinyan təkbaşına hökumət qurmaq imkanı əldə etsə, düşünürəm ki, sülh istiqamətində atılan addımlar daha qətiyyətli olacaq. Əks halda isə ona müxtəlif maneələrin yaradılması mümkündür. Amma ümid edək ki, o, kifayət qədər səs toplayacaq və bundan sonra Ermənistanın daxili siyasətini daha müstəqil şəkildə müəyyən edə biləcək. Bu halda regionda sülhə yönəlmiş təmasların və fəaliyyətin davam edəcəyi ehtimalı böyükdür”.
Ekspert bildirib ki, sülhlə bağlı növbəti mərhələdə referendum məsələsinin də gündəmə gələcəyi gözlənilir:
“Hazırkı şəraitdə həmin referendumu keçirmək Paşinyan üçün daha rahat görünür. Çünki seçkilər artıq geridə qalıb və nəticələrin də yaxın vaxtlarda tam bəlli olacağı ehtimal edilir. Əgər o, hökuməti təkbaşına formalaşdıracaq qədər səs qazanarsa, referendum məsələsində də ciddi tərəddüdlərin olmayacağını düşünmək olar. Bu isə sülh müqaviləsinin imzalanması üçün yolun açılması deməkdir. Ümumilikdə isə Paşinyanın bu kursa sadiq qalıb-qalmayacağı məsələsinə gəlincə, düşünürəm ki, onun artıq başqa alternativi yoxdur. O, indiyədək apardığı siyasətlə bölgədə sülhün alternativsiz olduğunu anladığını dəfələrlə bəyan edib və atdığı addımlar da bunu göstərir. Buna görə hesab edirəm ki, müxalifətin, ölkə daxilindəki bəzi siyasi qüvvələrin və ya kənardan dəstəklənən revanşist dairələrin müqavimətinə baxmayaraq, Paşinyan sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atmağa çalışacaq”.
Bəsti Rəfizadə
Sfera.az