Ermənistanda keçirilən parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyasının yenidən qələbə qazanması regionda siyasi gündəmi diqqət mərkəzinə gətirib.


 


Seçkilərin nəticələri təkcə Ermənistanın daxili siyasi kursu baxımından deyil, həm də Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi və sülh prosesinin taleyi baxımından mühüm əhəmiyyət daşıyır.


 


Xüsusilə Paşinyanın seçki kampaniyası dövründə verdiyi mesajlar və bundan sonra atacağı addımlar diqqətlə izlənilir.


 


Seçkilərdə əldə olunan nəticə Paşinyanın sülh gündəmini daha rahat şəkildə davam etdirməsinə imkan yaradacaqmı?


 


Bu haqda Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, seçki zamanı faktiki olaraq sülh və müharibə tərəfdarlarının mövqeləri aydın şəkildə göründü:


 



 


“Nəticədə aydın oldu ki, Ermənistan cəmiyyətinin təxminən 50 faizi sülh tərəfdarıdır. Bu, həm də Azərbaycanın Ermənistan-Azərbaycan münasibətləri kontekstində işğalçılığa son qoyaraq sülh üçün yaratdığı imkanların müsbət qiymətləndirilməsi deməkdir. Düşünürəm ki, ilk növbədə bu, özü-özlüyündə müsbət haldır. İkincisi, 2018-ci ildə “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyanın bu gün seçki kampaniyası zamanı “Mənim erməni xalqı qarşısında ən böyük xidmətim odur ki, Azərbaycanla müharibəni bitirdim, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdım” mövqeyi ilə çıxış etməsinin Ermənistan seçicisi tərəfindən müəyyən faizlə müsbət qiymətləndirildiyini gördük. Ona görə də biz əslində bu seçkinin nəticələri ilə yanaşı, Ermənistan siyasi elektoratının siyasi nəbzinin necə vurduğunu da müşahidə etmiş oluruq”.


 


Parlamentarinin fikrincə, bu güclü dəstəklər seçkidən sonra Paşinyanın daha cəsarətli qərarlar qəbul etməsinə gətirib çıxaracaq:


 


“Lakin bunun üçün Paşinyanın siyasi müdrikliyi, siyasi cəsarəti və qətiyyəti olmalıdır. Düşünürəm ki, Paşinyanın erməni seçicisinə verdiyi vədlər seçici tərəfindən də bu şəkildə qiymətləndirilibsə, həmin vədlər mütləq yerinə yetirilməlidir. Bununla yanaşı, Paşinyan ABŞ-də paraflanmış sənədin və həmin sənəd əsasında razılaşdırılmış maddələrin həyata keçirilməsini təmin etməlidir ki, erməni seçicisinə sülhlə bağlı verdiyi vədlər real siyasi proseslərdə də öz əksini tapsın. Zəngəzur dəhlizi və digər nəqliyyat marşrutları açılmalı, eyni zamanda Ermənistanda referendum keçirilərək siyasi elektoratın da dəstəklədiyi Azərbaycana qarşı ərazi iddialarının olmaması ilə bağlı mövqe hüquqi-siyasi sənəddə, yəni konstitusiyada da öz əksini tapmalıdır”.


 


Bəsti Rəfizadə


Sfera.az