ABŞ-nin Vitse-prezidenti Cey Di Vens bildirib ki, Vaşinqton İsrailin hansı mövqeni tutmasından asılı olmayaraq, bundan sonra da Tehranla razılaşmanın əldə olunmasına, o cümlədən nüvə proqramı məsələsinin həlli istiqamətində çalışmağa davam etmək niyyətindədir.
Vensin açıqlamasından aydın olur ki, İsrail İranla razılaşmanı məqbul hesab etmir.
Bəs İsrailin İranla bağlı tam istədiyi nədir? O, nə cür razılaşma istəyir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, İsrailin İranla bağlı əsas narahatlığı təkcə nüvə silahının hazırlanması ehtimalı ilə məhdudlaşmır.
Onun sözlərinə görə, Təl-Əviv hesab edir ki, Tehran nüvə proqramı üzrə müəyyən məhdudiyyətləri qəbul etsə belə, uranın zənginləşdirilməsi imkanlarını və elmi-texniki bazasını qoruyub saxlayarsa, gələcəkdə qısa müddətdə yenidən hərbi nüvə proqramına qayıda bilər:
"Buna görə də İsrail uzun illərdir İranın nüvə infrastrukturunun tam sökülməsini, uranın zənginləşdirilməsi fəaliyyətinin dayandırılmasını və beynəlxalq nəzarətin maksimum səviyyədə gücləndirilməsini müdafiə edir. İsrail rəhbərliyi üçün ideal razılaşma İranın nüvə silahı əldə etmək potensialını tamamilə aradan qaldıran modeldir".
Politoloq qeyd edib ki, İsrail İranın regional siyasətini də razılaşmanın tərkib hissəsi kimi görmək istəyir:
"Təl-Əvivin mövqeyinə görə, yalnız nüvə proqramının məhdudlaşdırılması kifayət deyil. İranın ballistik raket proqramı, həmçinin "Hizbullah", HƏMAS və digər silahlı qruplara göstərdiyi dəstək də məhdudlaşdırılmalıdır. ABŞ isə ənənəvi olaraq daha praqmatik yanaşmaya üstünlük verir və ilk mərhələdə nüvə məsələsinin həllini prioritet hesab edir. Vitse-prezident Cey Di Vensin açıqlaması da göstərir ki, Vaşinqton İsrailin bütün tələblərinin razılaşmaya daxil edilməsini gözləmədən Tehranla diplomatik anlaşma əldə etmək imkanlarını araşdırmağa davam edir".
Firuzə Əliyeva
Sfera.az