İsrail və İran arasında dünən elan olunan atəşkəsin gələcəyi ilə bağlı müzakirələr davam edir.
Belə ki, Tehran rəhbərliyi İsrailə qarşı həyata keçirilən hərbi əməliyyatların başa çatdığını elan edib. Bununla belə, İran tərəfi qarşı tərəfə xəbərdarlıq etməyi də unutmayıb.
Açıqlamada qeyd olunub ki, regionda gərginlik yenidən artarsa, cavab daha amansız olacaq.
Maraqlıdır, İsrail-İran atəşkəsi daimi xarakter alacaq yoxsa, Trampın çağırışına cavab müvəqqətidir?
Mövzu ilə bağlı politoloq Abutalıb Səmədov Sfera.az-a açıqlamasında bildirib ki, hazırkı mərhələdə atəşkəs daha çox Vaşinqtonun diplomatik təşəbbüsünə verilən müvəqqəti cavab təsiri bağışlayır:
“Prezident Tramp İranla razılaşmanın artıq çox yaxın olduğunu və sənədin imzalanmaq ərəfəsində olduğunu bəyan edib. Həmçinin Tramp İsrailin Baş naziri ilə danışaraq İrana cavab zərbələri endirilməməsini istəyib və bu təklif qəbul olunub”.
Ekspertin sözlərinə əsasən, yaxın günlərdə razılaşma əldə olunmasa, bölgədə vəziyyət yenidən kəskinləşəcək:
“Əgər yaxın günlərdə, həftənin sonuna qədər razılaşma imzalanmasa, nəinki İsrailin İrana zərbələr endirməyə başlayacağı, eyni zamanda Amerika Birləşmiş Ştatlarının da eyni addımı atacağı bildirilir. Çünki uzun müddətdir danışıqlar davam edir. Tramp da artıq bir müddətdir ki, razılaşmanın 95 faiz hazır olduğunu bəyan edir. Lakin İran rəsmilərinin açıqlamaları fərqli məzmun daşıyır. Əgər Amerika Birləşmiş Ştatlarının İranın nüvə proqramı ilə bağlı irəli sürdüyü şərtlər qəbul edilməsə və həftə sonuna qədər memorandum imzalanmasa, təbiidir ki, təkcə İsrail ilə İran arasında atəşkəs pozulmayacaq, eyni zamanda ABŞ də əvvəlcədən elan etdiyi zərbələri həyata keçirməyə başlayacaq. Hazırda bütün tərəflər mümkün qədər tez memorandumun imzalanmasında maraqlıdır. Bununla belə, İran rəsmilərinin son bəyanatları razılaşmanın əldə olunacağı ilə bağlı ciddi suallar yaradır”.
Bəsti Rəfizadə
Sfera.az