Ermənistanda keçirilən parlament seçkiləri müxalifətə qarşı misli görünməmiş təzyiqlər və Qərbin açıq müdaxiləsi fonunda baş tutub.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Sputnik" radiosuna açıqlamasında bildirib. Diplomat seçki prosesini kəskin tənqid edərək, İrəvanın rəsmi dairələrinin inzibati resurslardan istifadə etdiyini vurğulayıb: "Ermənistanda seçkilər hakimiyyət tərəfindən müxalifətə görünməmiş təzyiqlə müşayiət olundu.
Eyni zamanda, prosesə Qərb tərəfindən misli görünməmiş müdaxilə qeydə alındı". Zaxarova diqqəti həmçinin Ermənistan cəmiyyətinin Rusiya ilə ikitərəfli münasibətlərin mütərəqqi inkişafına olan marağına çəkib. Onun sözlərinə görə, xalq Qərbin boş vədləri əvəzinə, Avrasiya inteqrasiya strukturlarında (Avrasiya İqtisadi İttifaqı və s.) davamlı iştirakın gətirdiyi real və hiss olunan faydaları tələb edir. Rusiya XİN rəsmisi Ermənistanın daxili siyasi mühitinə də toxunaraq, ölkədə ciddi parçalanmanın olduğunu da bildirib.
Zaxarovanın sözlərinə görə, son 10 il ərzində Ermənistanda cəmiyyətin qəsdən və çox güclü şəkildə qütbləşdirilməsi prosesi aparılıb. Sonda erməni xalqını "qardaş xalq" adlandıran diplomat, Rusiyanın hər zaman Ermənistana sülh və rifah arzuladığını xüsusi vurğulayıb.
Bəsti Rəfizadə
Sfera.az