ABŞ-də may ayı üzrə açıqlanan göstəricilər istehlak inflyasiyasının son üç ildə ən sürətli templə artdığını ortaya qoya bilər.


 


Sfera.az bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.


 


Agentliyin məlumatına görə, buna əsas səbəb Yaxın Şərqdəki münaqişənin enerji daşıyıcılarının qiymətlərində kəskin bahalaşmaya səbəb olmasıdır. Nəticədə amerikalı ailələrin maliyyə yükü daha da artıb və getdikcə daha çox insan gündəlik xərclərini qarşılamaq üçün yığımlarından istifadə etməyə məcbur qalır.


 


Reuters-in proqnozuna əsasən, ABŞ-də istehlak qiymətləri indeksi son 12 ay ərzində 4,2 faiz yüksəlib. Bu, 2023-cü ilin aprelindən bəri qeydə alınan ən yüksək illik artım olacaq. Müqayisə üçün qeyd edək ki, bu göstərici aprel ayında 3,8 faiz, mart ayında isə 3,3 faiz təşkil etmişdi.


 


Məlumata görə, may ayında benzinin orta qiyməti 8,8 faiz artaraq bir qallon (3,8 litr) üçün 4,6 dollara yüksəlib. İşsizlik səviyyəsi isə ardıcıl üçüncü aydır ki, 4,3 faiz həddində qalır.


 


Ekspertlər hesab edirlər ki, inflyasiya artıq ikinci ay ardıcıl olaraq əməkhaqqı artımını üstələyə bilər. Bu isə əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərərək ölkənin ümumi iqtisadi artım tempini zəiflədə bilər.


 


Bu arada ABŞ-də istehlakçı əhval-ruhiyyəsi də rekord aşağı səviyyəyə enib. Amerikalılar artan inflyasiyanın şəxsi maliyyələrinə və alış-veriş imkanlarına təsirindən ciddi narahatlıq keçirirlər.


 


İnci


Sfera.az