Avropa Xarici Əlaqələr Şurasının (ECFR) keçirdiyi son rəy sorğusu Avropa-ABŞ münasibətlərindəki ciddi etimad böhranını ortaya qoyub.
Sfera.az xəbər verir ki, araşdırmaya görə, avropalıların cəmi 11%-i ABŞ-ni öz maraq və dəyərlərini bölüşən etibarlı müttəfiq hesab edir. Məlumata görə, sorğu cari ilin may ayında Almaniya, Fransa, İtaliya, Polşa, İspaniya və Böyük Britaniya da daxil olmaqla, ümumilikdə 15 Avropa ölkəsində təşkil olunub. Nəticələr göstərib ki, ötən ilin noyabrında ABŞ-ni müttəfiq kimi görənlərin nisbəti 22% idisə, hazırda bu göstərici iki dəfə azalaraq 11%-ə enib.
Sorğuda iştirak edən ölkələrin demək olar ki, hamısında respondentlər mümkün hərbi təhlükə zamanı ABŞ-nin real hərbi yardım göstərəcəyinə inanmır. Bunun əksinə olaraq, avropalılar digər qonşu Avropa ölkələrindən gələcək dəstəyi daha real və ehtimallı sayırlar.
Mövcud şübhələr fonunda Avropada müstəqil müdafiə qabiliyyətinin artırılması ideyası sürətlə populyarlaşıb. Bütün bunlara baxmayaraq, NATO-nu tamamilə əvəz edəcək və yalnız Avropa ölkələrindən ibarət olacaq yeni bir müdafiə sisteminin yaradılması ideyası hələ ki geniş dəstək qazanmayıb. Avropalıların əksəriyyəti hesab edir ki, Donald Tramp vəzifəsindən getdikdən sonra Okeanın o tayı ilə münasibətlər yenidən müsbət xətt üzrə inkişaf edə bilər.
Bəsti Rəfizadə
Sfera.az