Pakistan Silahlı Qüvvələri Əfqanıstanın Kunar, Host və Paktika vilayətlərinə hava zərbələri endirib.
Sfera.az xəbər verir ki, bu barədə Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid məlumat verib.
Onun sözlərinə görə, Pakistan ordusu Əfqanıstanın hava məkanını pozaraq Kunar, Host və Paktika vilayətlərindəki yaşayış evlərini bombalayıb.
“Ötən gecə Pakistan ordusu yenidən Əfqanıstanın hava məkanını pozaraq Kunar, Host və Paktika vilayətlərində mülki evlərə zərbələr endirib. Hücumlar nəticəsində 11 uşaq, bir qadın və bir yaşlı kişi həlak olub. Daha 14 qadın və uşaq yaralanıb”, – deyə Mücahid bildirib.
Pakistan tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Ekspertlər isə hücumları bir gün əvvəl Pakistan ərazisində baş vermiş silahlı insidentlə əlaqələndirirlər.
Xatırladaq ki, ötən gün Əfqanıstanla sərhəddə yerləşən Xeybər-Paxtunxva əyalətində bir qrup silahlı radikal Pakistan təhlükəsizlik qüvvələrinin möhkəmləndirilmiş postuna hücum edib.
İnci
Sfera.az