ABŞ Prezidenti Donald Trampın İranla bağlı son açıqlamaları beynəlxalq gündəmdə geniş müzakirə olunmağa davam edir. Trampın son günlər İranla razılaşmanın mümkünlüyü barədə verdiyi mesajlardan sonra fərqli tonlu bəyanatlar səsləndirməsi diqqət çəkib.
Sfera.az xəbər verir ki, bu fonda Cənubi Karolina ştatını təmsil edən Respublikaçı senator Lindsi Qrahamın Donald Tramp haqqında səsləndirdiyi fikirlər də ictimaiyyətin marağına səbəb olub.
ABŞ-də keçirilən tədbirlərin birində çıxış edən Qraham əvvəlcə ölkənin əldə etdiyi uğurlardan danışaraq təşəkkürlərini bildirib. Senator çıxışına Tanrıya şükür etməklə başlayıb və bunları deyib:
“Təşəkkür edirəm, biz qalib gəldik. Buna görə ilk növbədə çoxlu təşəkkür etmək istəyirəm. Ən böyük varlıq olan Tanrıya təşəkkür edirəm”.
Daha sonra Donald Trampın adını çəkən Qraham onun ünvanına diqqətçəkən ifadələr işlədib.
“Növbəti olaraq Donald Tramp gəlir. Cənab Prezident, siz də Tanrıdan o qədər də uzaq deyilsiniz. Amma söhbətə Tanrı ilə başlayaq”, – deyə senator bildirib.
Qrahamın bu sözləri qısa müddətdə sosial şəbəkələrdə yayılıb və müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər senatorun fikirlərini Trampa dəstək və tərif kimi qiymətləndirərkən, digərləri bu ifadələrin həddindən artıq şişirdilmiş olduğunu qeyd ediblər.
Qeyd edək ki, Lindsi Qraham Donald Trampın ən yaxın siyasi müttəfiqlərindən biri hesab olunur. Senatorun bu açıqlaması Trampın İranla bağlı son günlər geniş müzakirələrə səbəb olan bəyanatları fonunda diqqət çəkib.
Mənsumə
Sfera.az