Ermənistanın Avropa İttifaqı ilə bağlı planları Moskvada yenidən müzakirə mövzusuna çevrilib.


 


Sfera.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan artıq Avropa İttifaqına üzvlüklə bağlı qanun qəbul etsə də, eyni zamanda Avrasiya İqtisadi İttifaqında qalmaq istəyir. Onun sözlərinə görə, bu vəziyyət uzun müddət davam edə bilməz və İrəvan seçim etməli olacaq.


 


Lavrov xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin bu məsələ ilə bağlı qərarın operativ şəkildə aydınlaşdırılmasının vacibliyini vurğulayıb.


 


Nazirin sözlərinə görə, məsələ Ermənistan xalqının seçiminə hörmət edib-etməməkdə deyil, həmin seçimin nə olduğunu bilməkdədir. O qeyd edib ki, Avropa İttifaqına qoşulmaq və eyni zamanda Avrasiya İqtisadi İttifaqında qalmaq mümkün deyil, çünki hər iki qurumun fəaliyyət prinsipləri bir-birini istisna edir.


 


Lavrov həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın referendumla bağlı açıqlamalarını xatırladıb. Paşinyan daha əvvəl bildirmişdi ki, ölkənin gələcək seçimini Ermənistan vətəndaşları referendum vasitəsilə müəyyənləşdirəcək və onların Avrasiya İqtisadi İttifaqında, yoxsa Avropa İttifaqında olmaq istədiyinə xalq qərar verəcək.


 


Rusiya XİN rəhbəri vurğulayıb ki, Ermənistanın seçimi tarif siyasəti, fitosanitar qaydalar və vətəndaşların gündəlik həyatına təsir edən bir çox digər məsələləri müəyyənləşdirəcək.


 


Onun sözlərinə görə, əsas məqsəd Ermənistan xalqının iradəsinə hörmət göstərilməsi və insanların seçim imkanının qorunub saxlanılmasıdır./musavat