"Bu gün inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, müasir media yalnız reklam gəlirləri hesabına fəaliyyət göstərmir. Hərçənd reklam bazarı mühüm gəlir mənbələrindən biri olaraq qalır, lakin bir çox hallarda bu mənbə media qurumlarının dayanıqlı fəaliyyəti üçün kifayət etmir".
"Yeni Sabah" xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar iclasında deputat Razi Nurullayev “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlarında dəyişiklik edilməsi haqqında danışarkən deyib. Parlament üzvü əlavə edib ki, dünyanın aparıcı media qurumları gəlirlərini şaxələndirməklə iqtisadi müstəqilliklərini təmin ediblər:
"Onlar podkast layihələri, film və proqramların yayımı, rəqəmsal platformalar, süni intellekt əsasında hazırlanan analitik məhsullar, ödənişli abunə sistemləri, təlim proqramları, konfrans və tədbirlər, multimedia məhsulları, eləcə də müxtəlif rəqəmsal xidmətlər vasitəsilə əlavə gəlirlər əldə edirlər. Məhz bu model media qurumlarının uzunmüddətli maliyyə dayanıqlılığını təmin edir. Məsələn, “The New York Times” rəqəmsal abunə və digər məhsullarından, “BBC Studios” proqram və format satışından, “Financial Times” isə analitik xidmətlər və korporativ abunəçilərdən əhəmiyyətli gəlirlər əldə edir. Bir çox Avropa ölkələrində media qurumları üçün innovativ biznes modellərinin qurulmasına dəstək məqsədilə xüsusi təlim və mentorluq proqramları təşkil edilir". pizza hut
R.Nurullayev qeyd edib ki, məqsəd yalnız mediaya dəstək göstərmək deyil, həm də onu iqtisadi baxımdan dayanıqlı və rəqabətqabiliyyətli sektora çevirmək olmalıdır:
"Buna görə də hesab edirəm ki, qanunun icrası mərhələsində Medianın İnkişafı Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri də məhz bu olmalıdır. Ölkənin bütün media subyektləri üçün beynəlxalq ekspertlərin iştirakı ilə sistemli təlimlər təşkil edilməli, media menecerlərinə yeni biznes modelləri, rəqəmsal məhsulların hazırlanması, süni intellekt texnologiyalarının tətbiqi, müəllif hüquqlarının kommersiyalaşdırılması və beynəlxalq bazarlara çıxış imkanları ilə bağlı bilik və bacarıqlar aşılanmalıdır. Məqsəd yalnız mediaya dəstək göstərmək deyil, həm də onu iqtisadi baxımdan dayanıqlı və rəqabətqabiliyyətli sektora çevirmək olmalıdır. Güclü iqtisadi əsaslara malik media daha peşəkar fəaliyyət göstərir, innovasiyalara açıq olur və cəmiyyətə daha keyfiyyətli informasiya xidməti təqdim edir".
Nazim Hacıyev
Telegram kanalımız