Avropanı cənginə alan rekord istilər nəticəsində azı 18 nəfər həyatını itirib. Ölənlər arasında Fransada isti avtomobildə qalan iki azyaşlı uşaq da var.
“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın bir sıra şəhərlərində temperatur rekord həddə çatıb. Ölkənin qərbində yerləşən Bordo şəhərində havanın temperaturu 41,9 dərəcə, Puatye şəhərində isə 41,2 dərəcə selsiyə yüksələrək tarixi rekordları yeniləyib.
Fransanın cənub-şərqində 2 və 4 yaşlı iki uşaq evlərinin qarşısında park edilmiş avtomobildə huşsuz vəziyyətdə tapılıb. Həkimlərin səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb. pizza sifarişi
Bundan başqa, Bordo bölgəsində həddindən artıq istilər səbəbindən yaşı 80-95 arasında olan üç yaşlı insan dünyasını dəyişib. Son iki gündə isə Fransada 13 nəfərin boğularaq öldüyü bildirilir. Mütəxəssislər isti havadan qorunmaq üçün nəzarətsiz ərazilərdə suya girməməyə çağırırlar.
Sinoptiklərin məlumatına görə, anormal istilər İspaniya, İtaliya, Böyük Britaniya və digər Avropa ölkələrini də əhatə edib. Böyük Britaniyada iyun ayı üzrə yeni temperatur rekordunun qeydə alınacağı proqnozlaşdırılır.
Mütəxəssislər bildirirlər ki, Avropada müşahidə olunan bu ekstremal hava şəraiti iqlim dəyişikliyi ilə əlaqədardır və qitə qlobal orta göstəricidən iki dəfə daha sürətlə istiləşir.
İtaliyada 12 şəhərdə qırmızı xəbərdarlıq elan edilib, bəzi bölgələrdə isə elektrik şəbəkələrində fasilələr yaşanır. Belçikada isə həddindən artıq istilər səbəbindən yüzlərlə vəhşi quşun tələf olduğu bildirilir.
Telegram kanalımız