Kloun obrazı hər zaman gülüş, sevinc və rəngarəng anlarla ağıla gəlir. Parlaq geyim, qırmızı burun və üzə çəkilən təbəssüm sanki qarşıdakı insanın da gülümsəməsi üçün yaradılıb. Amma həmin təbəssümün arxasında çox vaxt tamaşaçının görmədiyi başqa bir reallıq gizlənir.


Şənliklərdə uşaqları əyləndirmək üçün səhnəyə çıxan klounlar bəzən özləri xoşagəlməz münasibət, hörmətsizliklə üz-üzə qalırlar.


Son vaxtlar sosial şəbəkələrdə "xacmazli_kloun" adı ilə tanınan Əvəz Qubatovun paylaşdığı videolar da məhz bu görünməyən tərəfi gündəmə gətirib. O, məclislərdə qarşılaşdığı hadisələri sadə dillə danışaraq insanların diqqətini bir problemə yönəldir. Toyuqlu pizza


Kimisi zarafat adı ilə onun qırmızı burnunu dartır, kimisi sintetik saçını çəkir…


Mövzu ilə bağlı "Yeni Sabah"ın suallarını sosial şəbəkələrdə geniş izləyici auditoriyası qazanan kloun Əvəz Qubatov cavablandırıb. O, insanları güldürərkən özünün hansı hallarla qarşılaşdığını, yaddaşında iz buraxan hadisələri və peşəsinin görünməyən tərəflərini danışıb:


- Neçə ildir kloun kimi fəaliyyət göstərirsiniz?


- Mən artıq 16 ildir ki, kloun kimi fəaliyyət göstərirəm. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram Teatrı və Kino Aktyorluğu fakültəsini bitirmişəm. Xalq artisti Firəngiz Mütəllimovanın tələbəsi olmuşam.


- Bu peşəyə gəlməyiniz necə baş verdi? Niyə məhz kloun olmağı seçdiniz?


- Özüm Siyəzən rayonundanam. Ailəmizin maddi vəziyyəti yaxşı olmadığı üçün tələbəlik illərində, ikinci kursdan etibarən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi işləməyə başladım. Universitetdə əlaçı idim və təqaüd alırdım, o vaxt əlaçı təqaüdünün məbləği 70 manat idi və bu məbləğ mənə çatmırdı.



Bir gün mənə kloun kimi işləməyi təklif etdilər. Əvvəl tərəddüd edirdim, utanırdım. Dedilər ki, narahat olma, əvvəlcə ikinci kloun kimi gəl. O vaxt toylara adətən iki kloun gedirdi. İndi tək gedirlər. Mən də elə o vaxtdan başladım. Əvvəl danışmırdım, sadəcə uşaqlarla əl-ələ tutub oynayırdım. Sonra yavaş-yavaş bu işə alışdım və toylara getməyə başladım. Beləcə tələbə vaxtı həm təhsilimi davam etdirirdim, həm də öz qazancım olurdu.


Universiteti bitirdikdən sonra Siyəzənə qayıtdım və kloun kimi fəaliyyətimi davam etdirdim. Teatrdan da ayrıldım, çünki təqaüdüm kəsilmişdi, aktyor maaşı isə cəmi 140 manat idi və həmin maaşla Bakıda yaşamaq mümkün deyildi.


Daha sonra Xaçmazda fəaliyyət göstərən ölkənin ilk və yeganə uşaq televiziyası olan "ARB Günəş" televiziyasında işləməyə başladım. Burada uşaqlarla işləyirəm, eyni zamanda dublyaj aktyoru kimi də fəaliyyət göstərirəm.


İlk vaxtlar Xaçmazda məni tanıyan yox idi. İş yoldaşlarıma, operatorlara deyirdim ki, haradasa klouna ehtiyac olsa, məni tövsiyə etsinlər. Əvvəllər ildə cəmi 3-4 sifarişim olurdu, indi isə, şükürlər olsun, ay ərzində 10-15, bəzən 20-yə yaxın sifariş alıram.


- Sosial şəbəkələrdə paylaşdığınız videolar böyük maraq doğurdu. Bu videoları çəkmək fikri necə yarandı?


- Çəkdiyim videoları “İnstagram”da, “TikTok”da paylaşırdım. Toylarda başıma gələn maraqlı və bəzən xoşagəlməz hadisələri danışırdım, deyirdim ki, bəzən yaxınlaşıb səviyyəsiz sözlər deyənlər olur.  İnsanların buna maraq göstərdiyini gördüm və bu mövzuda daha çox paylaşım etməyə başladım. Məqsədim həm də insanları maarifləndirmək idi.


- Bu gün məclislərdə sizi ən çox narahat edən davranış hansıdır?



- Mən toylara uşaqları əyləndirmək üçün gedirəm. Mənim üçün bütün uşaqlar eynidir. Hərənin övladı özünə əzizdir. Bəzən valideynlər gəlib deyirlər ki, "Mənim uşağımı birinci seç", "Köpük şousunda əvvəl mənim uşağım iştirak etsin", "Qırmızı şarı mənim uşağıma ver". Mən isə heç vaxt ayrı-seçkilik etmirəm. Oyunlarda uşaqları təsadüfi seçirəm. Çünki hər uşaq mənim üçün eyni dərəcədə dəyərlidir.


- Sizcə, bəzi insanlar  kloun görəndə niyə sərhədi aşırlar?


- Doğrudur. Təəssüf ki, bəzən bəzi insanlar həddi aşırlar. Məclisdə spirtli içki qəbul edənlər yaxınlaşıb müxtəlif sözlər deyirlər. Hətta "Özünə fərli sənət tapa bilmədin?!" deyənlər də olur. Halbuki mən ali təhsilli aktyoram. Hər peşənin öz hörməti var. Mən toyda masaları gəzib pul yığmıram. Səhnəyə çıxıram, uşaqları əyləndirirəm və işimi bitirib gedirəm.


Bəzən mənə pul təklif edib kimisə ələ salmağımı istəyirlər. Məsələn, deyirlər ki, "Sənə 10 manat verək, get filankəslə məzələn". Mən isə bunu qəbul etmirəm. Mənə 100 manat da versələr, insanı alçaldacaq hərəkət etmərəm.  Çünki həmin şəxs çıxar çölə, məni təhqir edər. Mənim məqsədim yalnız uşaqları sevindirmək, onları əyləndirməkdir, böyükləri yox.


- Əvəz bəy, bəs kloun kimi fəaliyyət göstərmək maddi baxımdan sərfəlidir? Cəmiyyətdə belə bir fikir var ki, bu peşə ilə dolanmaq mümkün deyil…


- Hazırda həm televiziyada çalışıram, həm də kloun kimi fəaliyyət göstərirəm. Qazancımdan da razıyam. Şükür ki, qazancım çox yaxşıdır. Ruzini verən Allahdır. Allah hər kəsin ruzisini bol etsin. Əsas odur ki, insan öz işini vicdanla görsün. Allah zəhmət çəkənləri sevir. Elə toy olub ki, mənə cəmi 15 manat qazanc qalıb. Yenə də demişəm ki, min bərəkət. O pulla evə çörək, yağ, kartof, toyuq əti almaq olur. Elə toylar da olub ki, 150 manat qazanc əldə etmişəm.


Qazandığım pulu öz işimə yatırmağa çalışıram. Hər 2-3 aydan bir geyimlərimi yeniləyir, yeni oyunlar və aksesuarlar alıram ki, uşaqlar üçün proqramım daha maraqlı olsun.



Hazırda Şimal bölgəsində ən yüksək qonorar alan klounlardan biri, hətta ən bahalısı mənəm. Bölgədə təxminən 9-10 nəfər bu sahədə çalışır.


- Məclislərdə ən çox qarşılaşdığınız etik olmayan davranışlar hansılardır?


- Etik olmayan davranışlarla çox qarşılaşıram. Elə olub ki, ata öz uşağına diş çöpü verib deyib: "Get bunu klouna batır, narahat elə". Mən bunu görəndə uşağı yanıma çağırmışam və sakit şəkildə izah etmişəm ki, belə hərəkət etmək olmaz, biz bir-birimizə hörmət etməli, dost olmalıyıq. Bunu tək bir uşağa yox, bütün uşaqlara deyirəm. Maarifləndirici söhbətdən sonra uşaq diş çöpünü sındırıb atıb.


Bəzən uşaqlar gəlib qolumdan dartırlar, parikimi çıxarmağa çalışırlar. Açığı, 16 ildir bu işdəyəm. Kimsə parikimi çıxarsa da, mən fəaliyyətimi davam etdirəcəyəm. Onsuz da hər kəs bunun obraz olduğunu bilir. Amma əsas məsələ odur ki, bu davranış düzgün deyil.


- Daha çox böyüklər hörmətsizlik edir, yoxsa uşaqlar? Valideynlərin münasibətini necə qiymətləndirirsiniz?


- Bəzən məclisdə həm böyüklər, həm də uşaqlar narahatlıq yaradır. Belə hallarda öz səsimlə valideynlərə müraciət edirəm. Deyirəm ki, "Bu kloun geyiminin içindəki də bir insandır. Mən bura sizi, xüsusilə uşaqları əyləndirməyə gəlmişəm". Adətən bundan sonra vəziyyət sakitləşir. İnanın, mən danışamayana kimi bir valideyn belə gəlib demir ki, ay bala, keç bu tərəfə, klounu vurmaq olmaz.


- Bəs elə hadisə olubmu ki, gördüyünüz davranışa görə məclisi yarımçıq tərk etmək istəmisiniz və ya tərk etmisiz?


- Dəfələrlə olub ki, məclisi yarımçıq tərk etmişəm. Bəzən görürsən çoxu içkili vəziyyətdə olur, hətta ev yiyəsi də içkili olur. Görmüşəm ki, şərait normal deyil, təşkilatçıya da demişəm ki, bu vəziyyətdə işləyə bilmərəm. Mənə "Pulunu al, qal" deyənlər də olub. Cavab vermişəm ki, bu pul mənə lazım deyil. Hörmət olmayan yerdə işləmərəm.


Hətta bir dəfə restoran administratoru ilə də belə vəziyyət yaşamışam. Deyib ki, bura gəldiyinə görə bizə pul verməlisiniz. Demişəm verməyəcəyəm.  Onda deyirlər ki, gələn dəfə bura ayağınız dəyməsin. Mən də demişəm ki, nəinki gələn dəfə, elə bu gündən sonra da bura gəlmərəm. Toy sahibinə də izah etmişəm ki, mən sizin qonağınızam. Mən yemək və ya içki istəmirəm, sadəcə mənə hörmətlə yanaşılmasını istəyirəm.


Mənim köməkçim də olur. O həm mənə dəstək olur, həm də vəziyyəti izləyir. Bəzən özü deyir ki, "Bura işləmək üçün uyğun yer deyil, gedək". Sonra kənardan baxanlar deyirlər ki, guya mən eqolu adamam. Əslində isə məsələ eqoda deyil. Mən də hamı kimi halal zəhmətlə pul qazanmağa gəlmişəm. Sadəcə işimi normal görmək üçün şərait istəyirəm. Mənim məqsədim uşaqları əyləndirməkdir, yaşlıları yox.


- Sosial şəbəkədə videolarınızdan sonra insanlarda hansısa müsbət dəyişiklik hiss etmisiniz?


- Sosial şəbəkələrdə mənim haqqımda mənfi rəy yazanlar da olur. Açığı, onların hansı düşüncə tərzinə və ya hansı səviyyəyə sahib olduğunu bilmirəm. Amma sevindirici hal odur ki, mənə yazılan rəylərin böyük əksəriyyəti müsbətdir.


Əsmətxanım Rzazadə



Telegram kanalımız