Böyük siyasətdə təsadüflərə yer yoxdur. İlk baxışdan hətta təsadüfi hesab olunan hadisələr belə zamanla möhtəşəm geosiyasi gedişatın unudulmaz rəmzinə çevrilə bilir. Yalnız nüfuzlu və böyük siyasətçilərə xas olan önəmli keyfiyyətlərindən biri odur ki, onların iştirakı ilə keçirilən istənilən bir tədbirdə yaşanmış hətta kiçik bir epizod zamanla böyük siyasətin işarəsinə çevrilə bilir. Dünya dövlətlərin siyasi təcrübəsinə, eləcə də adları bəşəriyyətin tarixinə düşmüş görkəmli şəxsiyyətlərin tərcümeyi-halına müraciət etsək yuxarıda qeyd olunan təsbiti təsdiq edən minlərlə faktlara rast gələ bilərik.


Bu günlərdə Qırğız Respublikasında keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının tədbirləri beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Dünya mətbuatı və analitiklər tədbir çərçivəsində baş verən görüş və hadisələrdə səslənən gizli mesajların mənalarını axtarır. Bu cür mühüm geosiyasi tədbirlərdə iştirak edən hər bir tərəf öz milli maraqlarını qoruyur və beynəlxalq münasibətlər sistemində iddia etdiyi statusunu nümayiş etdirməyə çalışır. Beynəlxalq münasibətlər tarixindən onu da çox gözəl bilirik ki, bəzən cəmi bir tədbirin gedişatı uzun illər ərzində öz həllini tapmayan məsələlərin çözülməsinə səbəb ola bilir.


Qeyd olunanlar müstəvisində çəkinmədən ehtimal edə bilərik ki, Prezident İlham Əliyevin sözügedən tədbirdə iştirak etməsi, habelə tədbir çərçivəsində təşkil olunan görüşlərin hər birinin siyasi təyinatı var. Dünya ictimaiyyəti artıq çox gözəl bilir ki, Azərbaycanın hər-hansı bir beynəlxalq platformada iştirak etməsi əsla təsadüfi olmur, onun Lideri isə sadəcə beynəlxalq konyunkturanın “xoşuna gəlsin” deyə hər-hansı bir təsadüfi fikir əsla səsləndirmir. Bəli, bu cür yanaşma məhz siyasi iradə və prinsipial mövqe nümayişidir. Toyuqlu pizza


Adı çəkilən tədbir çərçivəsində Prezident İlham Əliyevin 31 avqust tarixində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla təşkil olunmuş görüşü haqqında da hələ çox danışılacaq və yüzlərlə, bəlkə də minlərlə məqalə yazılacaqdır. Əlbəttə ki, Azərbaycan və İranın siyasətçiləri sözügedən görüşü ilk növbədə öz dövlətlərinin maraqları prizmasından yozmağa çalışacaq və onların bu cür cədlərini anlamaq heç də çətin deyil. Ancaq tədbirin məzmununu nəzərə alaraq və ötən dövr ərzində Prezident İlham Əliyevin məhz strateq kimi uğurlu addımlarına dəfələrlə şahidlik etdiyimiz üçün rahatlıqla ehtimal edə bilərik ki, sözügedən görüş mesaj olaraq Azərbaycan və İranın daxili auditoriyasından daha çox dünya ictimaiyyətinə yönəlib. Odur ki, oxucunu düşünməyə çağıran mövcud kiçik yazıda sözügedən görüş çərçivəsində səsləndirilmiş sözlərə yox, şahidlik etdiyimiz mənzərəyə diqqət yetirməyə çalışaq.


Görüş zamanı yaranmış tablo isə möhtəşəm olmaqla yanaşı, həqiqətən də yalnız böyük siyasətçilərə xasdır. Bəli, İranın Prezidentinə “İstisu”yun yerinə “Barjomı”ni təklif edənlər bu cür ucuz təxribat ilə mühüm geosiyasi tablonu korlamaq istəmişlər. Ancaq Prezident İlham Əliyevin strateji gedişi növbəti dəfə yaramaz cəhdləri tərksilah etdi. Məhz dövlət başçısının təklifi ilə Prezident Məsud Pezeşkianın Kəlbəcərin “İstisu” suyuna üstünlük verməsi o deməkdir ki, digər dövlətlər tərəfindən regionumuzun geosiyasi alət kimi istifadə olunması dövrü artıq bitib.


Bizi strateji hədəflərdən yayındıran bu cür “xırda” təfərrüatlardan bir qədər uzaqlaşsaq ümidverici və möhtəşəm geosiyasi tablonu görə bilərik. Bu şərti tabloda öz xalqını sevən qəlbləri ruhlandıran və dövlətimizə dost gözü ilə baxan gözləri sevindirən mənzərəni görə bilirik. Tablonu möhtəşəm edən əsas cizgilər: bütün yaşanmış təxribatlara rəğmən iki dövlət başçısının ürəkaçan səmimiyyəti; Qələbənin və Qələbə nəticəsində yaranmış vahid geosiyasi, habelə geoiqtisadi arealın rəmzləri olan Qarabağın “İstisu”yu, həmçinin Naxçıvanın “Badamlı” və “Sirab” suyularının bir arada masanın üzərində olması; iki dövlət başçısının görüşünün məhz türk xalqlarının ov mərasiminə həsr olunmuş rəsmin fonunda təşkil olunması.


Sadaladığımız mənzərələrin siyasi mesajları budur: iki dövlət başçısı arasında yaşanan səmimiyyət üçüncü dövlət tərəfindən İran və Azərbaycanı bir-birinə qarşı qoymaq niyyəti ilə istifadə oluna bilməz; İran və Azərbaycan arasında etibarlı münasibətlərin qorunması üçün heç bir vasitəçiyə ehtiyac duyulmur; türk dünyasının birliyi müasir beynəlxalq münasibətlər sisteminin yeni geosiyasi reallığına çevrilir və bu birlik bütün hiylələri ram edə bilir. Bəli, “hiylə” sözü təsadüfi seçilməyib. Ona görə ki, bəhs etdiyimiz görüşün təşkil edildiyi otağın divarından asılmış şəkil məhz türk xalqlarının yırtıcı quşlarla, adətən, tülkü ovlamaq mərasiminə həsr olunub. Mesajlar bəllidir və niyyətlər aydındır: inşa olunan yeni geosiyasi reallıqda “tülkülərə” yer yoxdur.


APA



Telegram kanalımız