Nərimanov rayonu, Ziya Bünyadov prospekti 38 ünvanında yerləşən dayanacaqda pavliyonun olmaması sərnişinlər üçün çətinlik yaradır.


“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən ərazidə infrastruktur şəraitinin əlverişsiz olması səbəbindən pavliyonun quraşdırılması mümkün deyil.


Nəqliyyat və logistika üzrə tanınmış ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində qurumun açıqlamasına cavab olaraq bildirib ki, dayanacaq ərazisində yer məhduddursa, pavilyonun konstruksiyası mövcud şəraitə uyğunlaşdırıla bilər: Marqarita pizza


“AYNA-nın cavabında Bakı şəhəri, Nərimanov rayonu, Z. Bünyadov prospekti 38 ünvanındakı dayanacaq məntəqəsinə pavilyon quraşdırılmasının “infrastruktur şəraitinin əlverişsiz olması” səbəbindən məqsədəuyğun hesab edilmədiyi bildirilir. Amma burada əsas sual yaranır: əlverişsiz olan konkret nədir və bunun alternativ həlli niyə təklif edilmir? Əgər dayanacaq ərazisində yer məhduddursa, pavilyonun konstruksiyası mövcud şəraitə uyğunlaşdırıla bilər. Məsələn, kənar bortları olmayan, daha yığcam və piyada hərəkətinə mane yaratmayan pavilyon həlli tətbiq etmək mümkündür. Üstəlik, bu dayanacaq ASAN xidmət №7-yə gələn və gedən sərnişinlərin ən çox istifadə etdiyi dayanacaqlardan biridir. Ətraf ərazidə isə:


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzi;


Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi (SOMDA);


Bakı KOB evi kimi mühüm dövlət və ictimai obyektlər yerləşir”.


Ekspert əlavə edib ki, ictimai nəqliyyat infrastrukturunda məqsəd “mümkün deyil” demək yox, mövcud şəraitdə sərnişin üçün ən optimal həlli tapmaqdır:


“AYNA öz cavabında pavilyonların sərnişin sıxlığı və tələbatı yüksək olan məntəqələrə quraşdırıldığını qeyd edir. Bu halda həmin meyarların bu dayanacağa niyə tətbiq edilmədiyi sual doğurur.


Məsələyə “pavilyon quraşdırmaq mümkündür, ya yox?” prinsipi ilə deyil, “mövcud məhdudiyyətlər daxilində hansı həll mümkündür?” yanaşması ilə baxmaq lazımdır.


Əgər standart pavilyon yerləşmirsə, standart dəyişdirilə bilər. Əgər yer məhduddursa, konstruksiya yığcamlaşdırıla bilər.


İctimai nəqliyyat infrastrukturunda məqsəd “mümkün deyil” demək yox, mövcud şəraitdə sərnişin üçün ən optimal həlli tapmaqdır”.


Nazim Hacıyev



Telegram kanalımız