İcarəyə götürülmüş əmlakda aparılan təmir və yaxşılaşdırmalara çəkilmiş xərclərin müqavilə başa çatdıqdan sonra kim tərəfindən qarşılanması icarə münasibətlərində tez-tez mübahisə doğuran məsələlərdəndir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası son qərarlarından birində bu məsələ ilə bağlı mühüm hüquqi mövqe ifadə edib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilib.
Həmin işdə icarəçi qeyri-yaşayış sahəsində öz vəsaiti hesabına geniş həcmli təmir, yenidənqurma və yaxşılaşdırma işləri apardığını bildirərək, həmin xərclərin icarəyə verəndən tutulmasını tələb edib. Dominos pizza
Tərəflər arasında bağlanmış icarə müqaviləsində əvvəlcədən razılaşdırılıb ki, müqaviləyə xitam verildikdə daşına bilən mebel və avadanlıqlar icarəçi tərəfindən götürülə bilər, ayrılmaz yaxşılaşdırmalar və digər avadanlıqlar isə icarəyə verənin mülkiyyətində qalır.
Ali Məhkəmə vurğulayıb ki, tərəflər arasında müqavilə mövcuddursa, ilk növbədə həmin müqavilənin şərtləri tətbiq edilməlidir.
Mülki Məcəllənin 680-ci maddəsi kirayəçinin (icarəçinin) çəkdiyi xərclərin ödənilməsinə dair ümumi qayda müəyyən edir. Həmin maddəyə əsasən, kirayəyə verən əmlakın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərcləri ödeməlidir. Əmlakın yaxşılaşdırılmasına çəkilmiş digər xərclərin, o cümlədən yaxşılaşdırma xərclərinin ödənilməsi isə özgə işlərini tapşırıqsız aparma qaydalarına uyğun həll edilir.
Lakin bu qaydalar tərəflərin müqavilə ilə fərqli razılaşma əldə etməsinə mane olmur və bu maddə tərəflər müqavilə ilə başqa tənzimləmə nəzərdə tutmadıqda tətbiq olunur.
Yəni, tərəflər yaxşılaşdırmaların hüquqi taleyini və onların dəyərinin ödənilməsi məsələsini müqavilədə əvvəlcədən tənzimləyiblərsə, sonradan yaranan mübahisə məhz həmin razılaşmaya əsasən həll edilməlidir.
Baxılan işdə müqavilədə icarə obyektindəki aparılması mümkün olmayan yaxşılaşdırmaların icarəyə verənin mülkiyyətində qalacağı nəzərdə tutulub, eyni zamanda onların dəyərinin icarəçiyə kompensasiya ediləcəyinə dair hər hansı öhdəlik müəyyən edilməyib.
Bu səbəbdən Ali Məhkəmə belə nəticəyə gəlib ki, icarəçinin yaxşılaşdırmalara çəkdiyi xərclərin sonradan icarəyə verəndən tələb edilməsi üçün hüquqi əsas mövcud deyil.
Bu hüquqi mövqe göstərir ki, icarə obyektində təmir və yenidənqurma işlərinə başlamazdan əvvəl onların hüquqi taleyi mütləq şəkildə müqavilədə dəqiq müəyyən edilməlidir. Müqavilədə:
icarə obyektindən ayrıla bilən və ayrılması mümkün olmayan yaxşılaşdırmaların müqaviləyə xitam verildikdən sonra hüquqi taleyinin necə müəyyən ediləcəyi;
icarəyə verənin mülkiyyətində qalacaq yaxşılaşdırmaların dəyərinin icarəçiyə kompensasiya olunub-olunmayacağı aydın şəkildə göstərilməlidir.
Telegram kanalımız