Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi himayədar ailə modelinin tətbiqi ilə bağlı prosedurlarda bir sıra dəyişikliklər edib.


"Yeni Sabah" xəbər verir ki, dəyişikliklərin əsas məqsədi himayədar ailə olmaq istəyən vətəndaşlar üçün əlçatanlığı artırmaq, xidmətləri daha çevik təşkil etmək və valideyn himayəsindən məhrum uşaqların ailə mühitinə daha qısa müddətdə reinteqrasiyasını təmin etməkdir.


Yeni qaydalara əsasən, himayədar valideyn olmaq istəyən şəxslərlə uçota alındıqdan sonra 10 iş günü ərzində müsahibə keçirilir və onların maddi-məişət şəraitinin uşağın mənafeyinə uyğunluğu qiymətləndirilir. Dominos pizza


Bu mərhələni uğurla keçən namizədlər minimum 3 gün davam edən təlimlərə cəlb olunurlar. Bundan sonra təlimlərin onlayn formatda keçirilməsi də mümkün olacaq.


Təlimin sonunda müsbət nəticə göstərən namizədlərin istəkləri nəzərə alınmaqla onlara uyğun uşağın seçilməsi müddəti də qısaldılıb. Belə ki, bu müddət 7 iş günündən 5 iş gününə endirilib.


Bundan başqa, himayədar ailə prosesinin müxtəlif mərhələləri üzrə qərarların qəbul edilməsi üçün müddət də konkretləşdirilərək 3 iş günü müəyyən olunub.


Dəyişikliklər nəticəsində uşağın himayədar ailəyə keçidi üçün tələb olunan minimal müddətin 2 həftəyə qədər azaldılması mümkün olacaq.


Qeyd edək ki, himayədar ailə institutu valideyn himayəsindən məhrum olmuş uşaqların ailə əsaslı qayğı ilə təmin olunması və müəssisələrdən ailə mühitinə reinteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.


ƏƏSMN-in məlumatına görə, ötən dövrdə 87 uşaq himayədar ailələrə verilib.


Aytac Əliyeva



Telegram kanalımız