Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Universitetə ilk dəfə qədəm qoyacaq tələbələri isə yeni mühit, fərqli təhsil sistemi və bir sıra qaydalar gözləyir. Bəs ali məktəbdə tələbələrin bilməli olduğu əsas hüquq və öhdəliklər hansılardır?
Təhsil eksperti Məzahir Məmmədli “Yeni Sabah”a açıqlamasında bildirib ki, ali təhsil müəssisələrinə qəbul olan tələbələrin universitetə başlamazdan əvvəl təhsil prosesi, daxili intizam qaydaları, müəllim heyəti və digər prosedurlar barədə ətraflı məlumatlandırılması vacibdir.
Ekspertin sözlərinə görə, müasir dövrdə universitetlər tələbələrin ilk gündən bütün proseslərə hazırlıqlı başlaması üçün daha müasir tanıtım və kommunikasiya mexanizmlərindən istifadə etməlidirlər: pizza hut
“Ali təhsil müəssisələrinə birinci kursa qəbul olan tələbələr əslində indiki XXI əsrdə, müasir dövrdə tam hazırlıqlı, universitetin qaydalarını, tələblərini, şərtlərini bilərəkdən getməlidir. Bunun üçün universitetlərin öz saytlarında universitet haqqında məlumatlar, birinci kursu qarşılamaları, bütün prosedurlar öz yerini tapmalıdır.
Təəssüf ki, bu gün ali təhsil müəssisələrinin demək olar ki, heç birində bu cür tanıtım çarxları, təbliğat mexanizmləri və qəbul olunmuş tələbələrlə ilkin hazırlıq məqsədilə ünsiyyət mexanizmləri yoxdur”.
M. Məmmədli hesab edir ki, universitetlər heç olmasa tədris ilinin başlamasına bir həftə qalmış birinci kurs tələbələri ilə görüşlər təşkil edə, onları universitet mühiti və qarşılaşacaqları proseslərlə tanış edə bilərlər.
“Yaxşı olar ki, universiteti seçən tələbələr üçün tədrisin başlamasına bir həftə qalmış müəyyən görüşlər keçirilsin. Professor-müəllim heyəti ilə bağlı universitetlərin saytlarında məlumatlar yerləşdirilsin. Birinci kurs tələbəsi bilsin ki, universitetə gedəndə hansı professor və müəllimlərdən dərs alacaq, universitetin daxili intizam qaydaları nədən ibarətdir, ilk dəfə universitetə gələndə onu kim qarşılayacaq və proseslər necə təşkil olunacaq”, – deyə ekspert vurğulayıb.
Ekspertin fikrincə, hazırda tələbələr əksər hallarda universitetə ilk gün birbaşa dərs cədvəli ilə tanış olmaq üçün gəlir və onların universitetlə ilk real təması müəllimlərlə baş tutur.
“Bizdə belədir, ali təhsil müəssisəsinə qəbul olmuş şəxs birinci kursa gəlir, birbaşa cədvəlin qarşısına gedir, tədris olunacaq fənlər üzrə cədvəlini götürür və ilk dərsdə hansı müəllim, hansı dərs planı salınıbsa, tələbələri ilk salamlayan universitet rəsmisi, daha doğrusu, müəllimi olur. Bütün bunlar üçün universitetlər bir qədər yeniliklər gətirməlidirlər”, – M.Məmmədli bildirib.
O qeyd edib ki, orta məktəbdən yeni ayrılan abituriyent üçün universitet mühiti tamamilə fərqli ola bilər və bu səbəbdən tələbənin tədris başlamazdan əvvəl müəyyən adaptasiya mərhələsindən keçməsi vacibdir.
“Birinci kursdan orta məktəbdən ayrılan bir şagird üçün birdən-birə ali təhsil müəssisəsinə gəlmək müəyyən xəyallar və təsəvvürlərlə müşayiət olunur. Ola bilər ki, o, arzuladığı, xəyal etdiyi universiteti görməsin və müəyyən xəyal qırıqlığı yaşasın. Ona görə də adaptasiya dövrünü tədrisə qədər keçməlidir”, – deyə ekspert əlavə edib.
M.Məmmədli hesab edir ki, universitetlərin rəsmi internet səhifələri də bu baxımdan daha funksional olmalıdır. Onun sözlərinə görə, tələbə universitetə qəbul olduqdan sonra sayta daxil olaraq təhsil prosesi, müəllim heyəti, tədbirlər, daxili qaydalar və digər vacib məsələlərlə bağlı ətraflı məlumat əldə edə bilməlidir.
“Bu baxımdan bizim ali təhsil müəssisələrinin, açığını desəm, heç birini nümunə göstərə bilmirəm ki, deyim filan universitetin saytı bu qədər geniş təqdim olunur. Orada universitet haqqında, ayrı-ayrı tədbirlər haqqında geniş məlumatlar verilir və tələbələr də bundan yararlanır. Yalnız xəbər xarakterli nələrsə ola bilər. Universitetlərin məhdud imkanları təqdim olunur. Amma birinci kursa gələcək tələbəyə bu, kifayət etmir”, – deyə ekspert vurğulayıb.
Aytac Əliyeva
Telegram kanalımız