Ali və orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerləri üzrə keçirilən müsabiqənin nəticələri açıqlanıb.


"Yeni Sabah" xəbər verir ki, müsabiqədə iştirak etmək üçün ümumilikdə 18 086 nəfər ixtisas seçimi edib.


Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan 1 760 plan yerinə 390 nəfər, o cümlədən 167 subbakalavr qəbul olunub. Tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 16 244 nəfər qəbul alıb. pizza hut


Orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə 18 475 plan yerindən 16 244-ü dolub. Beləliklə, plan yerlərinin 87,92 faizi tutulub, 2 231 yer (12,08 faiz) isə boş qalıb.


Qəbul olunanlar müsabiqənin nəticələri barədə məlumatı Dövlət İmtahan Mərkəzinin internet saytından, həmçinin “Azercell”, “Bakcell” və “Nar” mobil nömrələrindən “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.


Qəbul olunanların siyahısı sentyabrın 4-də günün ikinci yarısında “Abituriyent” jurnalının 8-ci və 9-cu saylarında elektron formatda (PDF) təqdim olunacaq. Ali təhsil müəssisələrinin vakant yerlərinə qəbul olanların siyahısı jurnalın 8-ci sayında, orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə 9-cu sayında dərc ediləcək.


Qəbul olunan şəxslərin qeydiyyatı yalnız my.gov.az portalı üzərindən aparılacaq.


Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı sentyabrın 8-i saat 11:00-dan 15 sentyabr saat 18:00-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı isə sentyabrın 9-u saat 15:00-dan 17 sentyabr saat 18:00-dək davam edəcək.


Qeydiyyatdan keçmək üçün qəbul olunanlar əvvəlcə mygov ID vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətindən istifadə etməlidirlər.


Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən şəxslər müvafiq ixtisasa yerləşdirilməkdən imtina etmiş hesab olunacaq və onların qəbul haqqında əmri ali və ya orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.


Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçiminin tarixləri isə qəbul olunanların qeydiyyatı başa çatdıqdan sonra açıqlanacaq.


Aytac Əliyeva



Telegram kanalımız