Bakının Yasamal və Xətai rayonlarında, Abşeron rayonunun Masazır qəsəbəsində, eləcə də Cəlilabadın bir sıra kəndlərində təmir işləri ilə əlaqədar sentyabrın 4-də elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.


"Yeni Sabah" xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə adıçəkilən ərazilərin elektrik şəbəkələrində planlı təmir və yenidənqurma işləri aparılacaq.


Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Tağı Şahbazi küçələri və İkinci Alatava yaşayış massivinin bir hissəsində transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. pizza


Xətai RETSİ-nin xidmət ərazisində, Kazımağa Kərimov küçəsində isə 10 kV-luq elektrik verilişi xəttində aparılacaq təmir işləri səbəbindən saat 10:00-dan 15:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.


Abşeron RETSİ ərazisində yerləşən 110/35/10 kV-luq “Masazır” yarımstansiyasında da yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 01:00-dan 03:00-dək Masazır qəsəbəsinin Heydər Əliyev, Zərifə Əliyeva, Rafiq Dünyamalıyev və Əliağa Vahid küçələrinin bəzi ərazilərində planlı fasilə yaranacaq.


Cəlilabad Elektrik Şəbəkəsinin xidmət ərazisində isə 35 kV-luq “Cəlayir” hava xəttində təmir işləri aparılacaq. İşlər zamanı saat 10:00-dan 13:00-dək Cəngan, Fərdi, Qarakazımlı, Lallar və Ləkin kəndlərinin bir sıra hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Qeyd edək ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.



Telegram kanalımız