Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim ölkə başçısının diqqət mərkəzindədir. Əhalinin güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı.


10 illik fəaliyyəti dövründə əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədi ilə Agentlik Bakıda və regionlarda ümumilikdə 20 layihəyə başlayıb. Bunlardan 17-si güzəştli mənzil layihəsi, üçü isə Qarabağa "Böyük Qayıdış" çərçivəsində icra olunan layihələrdir. Bu komplekslərdəki mənzillər həm "Güzəştli mənzil" sistemi vasitəsilə, həm də dövlət sifarişi əsasında vətəndaşlara təqdim edilib. Beləliklə, 10 il ərzində Agentliyin layihələrindən ümumilikdə 12 minə yaxın ailə mənzil əldə edib. Hazırda reallaşdırılan və layihələndirmə mərhələsində olan 6 layihədə isə 5 mindən çox mənzilin, 1 məktəbin və 4 uşaq bağçasının tikilməsi nəzərdə tutulub.


Prezident İlham Əliyevin tapşırığı ilə bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur tamamilə yenidən qurulur. "Böyük Qayıdış" çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarında daimi məskunlaşması üçün ölkə başçısının tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən yaşayış kompleksləri inşa olunub, Xocalı şəhərindəki yaşayış binaları isə əsaslı təmir edilib. pizza mizza


Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Oxu.Az-a açıqlamasında deyib ki, əvvəllər MİDA evlərinin satış prosesində müəyyən - elektron sistemə müdaxilə və kibertəhlükəsizliklə bağlı - problemlər müşahidə edilirdi:


"Lakin Azərbaycan dövləti bu layihəyə sosial və humanist xarakterli bir təşəbbüs kimi yanaşır və problemlər aradan qaldırılır. Əsas məqsəd müəyyən təbəqələrin mənzil əlçatanlığını təmin etməkdir".


O bildirib ki, son dövrlərdə bu istiqamətdə əhəmiyyətli dəyişikliklər baş verib:


"MİDA-nın tikinti layihələrinin coğrafiyasının genişləndirilməsi də müsbət hadisədir. Füzuli şəhərində keçmiş məcburi köçkünlərin məskunlaşması məqsədilə yaşayış binalarının inşası, artıq regionlara şaxələnmənin göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə bu layihənin həyata keçirilməsinin Azərbaycan dövlətinin sosial və regional inkişaf siyasətinin uğurla irəlilədiyini göstərir".


O əlavə edib ki, MİDA-nın təklif etdiyi qiymətlərin real kommersiya layihələrində təklif olunan qiymətlərdən fərqli xarakter daşıması, mənzil əlçatanlılığının təmin olunması, 7-10 min manat ilkin vəsaitlə ev əldə etmək imkanının yaradılması gənc və orta gəlirli ailələrin mənzil ehtiyaclarının artırılması üçün çox mühüm məsələdir:


"Biz MİDA layihəsinə təkcə ucuz ev kimi yanaşmamalıyıq, bu, dövlətin sosial siyasətidir, mənzil əlçatanlılığının təmin olunmasıdır.


Gələcəkdə də mənzillərin sayının artırılması ilə bərabər, satış prosesinin tam şəffaflığı, elektron sistemlərin kənar müdaxilələrdən qorunması, mənzillərin sonradan spekulyativ məqsədlərlə istifadə edilməməsi daim nəzarətdə saxlanılmaldır ki, bu sosial layihə öz ictimai etimadını qoruyb saxlasın".



Telegram kanalımız