Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbət qurultayı keçiriləcək.


"Yeni Sabah" xəbər verir ki, "Modern.az"-ın əldə etdiyi məlumata görə, qurultayın oktyabrda keçirilməsi planlaşdırılıb. Bu, Yeni Azərbaycan Partiyasının sayca VIII qurultayı olacaq.


Partiyanın Nizamnaməsinə əsasən, qurultay İdarə Heyəti tərəfindən beş ildə bir dəfədən az olmayaraq çağırılmalıdır. YAP-ın sonuncu, VII qurultayı 5 mart 2021-ci ildə keçirilib. Toyuqlu pizza


Qurultayda nə dəyişə bilər?


YAP-ın VIII qurultayını diqqətçəkən edən əsas məsələlərdən biri partiyanın rəhbər orqanlarının yenidən formalaşdırılmasıdır.


Nizamnaməyə görə, məhz qurultay partiyanın İdarə Heyətinin, Təftiş Komissiyasının və Veteranlar Şurasının say tərkibini müəyyənləşdirir. Partiya sədrinin təqdimatı əsasında həmin strukturların üzvləri, eləcə də Veteranlar Şurasının sədri və sədr müavini beş il müddətinə seçilir.


Bundan başqa, Nizamnaməyə dəyişikliklər etmək də qurultayın müstəsna səlahiyyətlərinə daxildir.


Bu baxımdan VIII qurultayın YAP-ın növbəti beşillik üçün idarəetmə strukturunu müəyyənləşdirəcək siyasi tədbir olacağı gözlənilir.


Mərkəzi Aparatda dəyişikliklər


Qurultay ərəfəsində diqqət çəkən məsələlərdən biri də YAP Mərkəzi Aparatının gələcək rəhbərliyidir.


Tahir Budaqov 2021-ci ildən YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri kimi fəaliyyət göstərir. 2026-cı il fevralın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə o, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bununla belə, YAP-ın hazırkı rəsmi strukturunda Tahir Budaqov hələ də partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri kimi göstərilir.


VIII qurultay və ondan sonrakı mərhələdə Mərkəzi Aparatın rəhbərliyində də dəyişiklik edilə biləcəyi istisna deyil.


Beş il əvvəl YAP-da böyük dəyişikliklər edilib


VIII qurultaya marağı artıran digər məqam əvvəlki qurultayın geniş struktur dəyişiklikləri ilə yadda qalmasıdır.


2021-ci il martın 5-də keçirilən VII qurultayda YAP-ın yeni Nizamnaməsi qəbul edilib. Partiyanın 40 nəfərlik İdarə Heyəti, 13 nəfərlik Təftiş Komissiyası və yeni yaradılan 35 nəfərlik Veteranlar Şurasının tərkibi təsdiqlənib.


Həmin qurultaydan sonra partiya sədrinin birinci müavini vəzifəsi təsis edilib, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin olunmuşdu. Partiyanın strukturuna Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparat və yerli təşkilatlar daxil edilib.


VII qurultayda daha bir mühüm qərar altı siyasi partiyanın – Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokratik Sahibkarlıq Partiyasının YAP-a qoşulması ilə bağlı olub.


Qurultayda Azərbaycanın bütün bölgələrini, rayon və şəhər təşkilatlarını təmsil edən 194 nümayəndə iştirak edib.


VIII qurultayın əsas fərqi nə olacaq?


2021-ci ildən ötən beş il Azərbaycan üçün mühüm siyasi hadisələrlə yadda qalıb. 2023-cü ildə ölkənin suverenliyinin bütün ərazidə bərpa olunması, 2024-cü ildə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi, Böyük Qayıdış prosesinin genişlənməsi və regionda yeni sülh gündəliyinin formalaşması YAP-ın VIII qurultayını əvvəlkindən fərqli siyasi şəraitdə keçiriləcək toplantıya çevirir.


Bu səbəbdən qurultayda YAP-ın yeni siyasi mərhələdə prioritetlərinin və qarşıdakı beş il üçün fəaliyyət istiqamətlərinin də müəyyənləşdirilməsi diqqət mərkəzində olacaq.


Hazırda ən böyük maraq isə rəhbər strukturlarda hansı dəyişikliklərin ediləcəyi, İdarə Heyətinin tərkibinin nə dərəcədə yenilənəcəyi və partiyanın Mərkəzi Aparatına kimin rəhbərlik edəcəyi ilə bağlıdır.



Telegram kanalımız