Yeni tədris ilinin başlaması ilə uşaqların sağlamlığı məsələsi yenidən gündəmə gəlir. Məktəblərdə sıx təmas və kollektiv mühit mövsümi xəstəliklərin yayılma riskini artırır.
“Yeni Sabah”a uşaq sağlamlığı və məktəb dövründə infeksiyaların profilaktikası ilə bağlı danışan pediatr-infeksionist Aytən Ziyadova bildirib ki, tədris ilinin başlanması ilə uşaq kollektivlərində yoluxucu xəstəliklərin artması tez-tez müşahidə olunur.
Onun sözlərinə görə, yay tətilindən sonra uşaqların bir-biri ilə sıx təması respirator virusların, xüsusilə rinovirus, adenovirus, qrip və digər mövsümi infeksiyaların yayılmasına şərait yaradır. Sezar pizza
“Məktəb mühitində respirator xəstəliklərlə yanaşı, bağırsaq infeksiyaları, dəri xəstəlikləri, streptokokk mənşəli boğaz infeksiyaları və peyvəndlə qarşısı alına bilən bəzi xəstəliklər də müşahidə oluna bilər”, - deyə mütəxəssis qeyd edib.
A.Ziyadova infeksiyalardan qorunmaq üçün ilk növbədə əl gigiyenasına riayət edilməsinin, peyvəndlərin vaxtında aparılmasının və şəxsi əşyaların paylaşılmamasının vacibliyini vurğulayıb. Həmçinin düzgün qidalanma, kifayət qədər yuxu və sinif otaqlarının müntəzəm havalandırılması da əsas profilaktik tədbirlər sırasındadır.
Həkim valideynlərə uşaqlarının səhhətindəki dəyişikliklərə diqqətlə yanaşmağı tövsiyə edib. Onun sözlərinə görə, uşaqda 38°C-dən yüksək hərarət, öskürək, burun axması, qusma, ishal, səpgilər, gözlərdə iltihab, qulaq ağrısı və ya ümumi halsızlıq müşahidə olunarsa, onu məktəbə göndərmək məsləhət görülmür:
“Belə hallarda uşağın vəziyyəti izlənilməli, zərurət olduqda pediatr-infeksionistə müraciət edilməlidir. Vaxtında diaqnostika və xəstə uşağın kollektivdən uzaqlaşdırılması həm onun sağlamlığının qorunmasına, həm də digər uşaqlar arasında infeksiyaların yayılmasının qarşısının alınmasına kömək edir”.
Aytən Ziyadova vurğulayıb ki, sağlam məktəb mühitinin formalaşdırılmasında düzgün gigiyena, profilaktik tədbirlər və valideynlərin məsuliyyətli yanaşması mühüm rol oynayır.
Aytac Əliyeva
Telegram kanalımız