Azərbaycanda şahmatın inkişafı, gənclər, yeniyetmələr və uşaqlar arasında bu oyuna olan böyük maraq təkcə zəngin ənənələrlə deyil, həm də dövlət səviyyəsində göstərilən diqqət və sistemli təlim-tədris şəbəkəsi ilə bağlıdır.
Ölkənin hər bir regionunda fəaliyyət göstərən şahmat məktəbləri, məktəbəqədər və ibtidai təhsildə tətbiq olunan proqramlar kiçik yaşlı uşaqların intellektual inkişafında, strateji təfəkkürünün və analitik düşüncə bacarıqlarının formalaşmasında müstəsna rol oynayır.
Uşaq və yeniyetmələrin şahmata həvəslə yönəlməsində beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edən ustad şahmatçıların müstəsna töhfəsi var. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov kimi qrossmeysterlərlə yanaşı, Azərbaycanın qadın şahmatçılarının da qazandığı tarixi uğurlar gənc nəsildə, xüsusilə də qızlar arasında böyük ruh yüksəkliyi yaradır. Pepperoni pizza
Günay Məmmədzadə, Ulviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və gənc yaşda beynəlxalq qadın ustası (WIM) titulunu qazanaraq böyük perspektiv vəd edən Ayan Allahverdiyeva kimi şahmatçıların müxtəlif beynəlxalq yarışlardakı uğurları uşaq və yeniyetmələr üçün əsl ilham mənbəyinə çevrilmişdir.
Gövhər Beydullayevanın gənclər arasında dünya çempionu adını qazanması, Ulviyyə Fətəliyevanın qadınlar arasında Avropa çempionu tituluna yiyələnməsi və Ayan Allahverdiyevanın yeniyetmələr və gənclər arasında keçirilən Avropa və dünya birinciliklərində qazandığı medallar şahmatın kütləviləşməsini daha da sürətləndirir.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan 2018 və 2019-ci illər Gənclər arasında Avropa Şahmat Çempionatlarının qalibi, 2023-cü il Gənclər arasında Dünya Çempionu, qadınlar arasında beynəlxalq usta Ayan Allaverdiyeva bildirib ki, uşaqlar və yeniyetmələr arasında şahmata böyük həvəs var:
“Hazırda şahmata maraq xeyli artıb. Uşaqlarda və yeniyetmələrdə bu sahəyə həvəs var. Məktəblərdə idman dərslərində şagirdlərə şahmatın öyrədilməsi bu idman növünün inkişafı sarıdan xeyli önəmlidir. Beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə etmiş şahmatçılarımızın nəticələri uşaqlara yüksək motivasiya verə bilər.
Azərbaycanlı şahmatçılar müxtəlif turnirlərdə mütəmadi yaxşı nəticələr göstərir. Bizdə bu idman növünün oturuşmuş ənənəsi var. Fikrimcə, uşaqlar və yeniyetmələr arasında müxtəlif növ layihələr, şahmat turnirləri tez-tez təşkil edilməlidir. Burada valideynlərdən də çox şey asılıdır. Əgər uşağın şahmata marağı varsa, valideynlər onun üçün şərait yaratmalıdır.
Gənc idmançı əlavə edib ki, şahmatda istedad zamanla və mərhələli şəkildə üzə çıxır:
“Bu sahəyə yeni başlayanlar arasında kimin istedadlı olub-olmadığı zamanla məlum olur. Məsələn, məşhur şahmatçı Mixail Botvinnik Harri Kasparov və Antoni Karpovun müəllimi olub. O deyirdi ki, Antoni Karpovdan yaxşı şahmatçı olmayacaq. Amma Karpov dünya çempionu oldu. Lakin Kasparovla məşğul olan zaman onun istedadlı olduğunu bilirdi və yanılmadı. Yəni bəzi uşaqların istedadını həmin an görmək olmur və zamanla üzə çıxır. Eyni zamanda üzərində mütəmadi işləmək də önəmlidir”.
A.Allahverdiyeva qızlar arasında xeyli istedadlı şahmatçıların olduğunu dilə gətirib:
“Uşaqlar arasında qız şahmatçıların sayı qənaətbəxşdir. Amma daha da yaxşı ola bilər. Məsələn, bu il gənc şahmatçı Zəhra Allahverdi İtaliyanın Montesilvano şəhərində keçirilən dünya çempionatında birinci oldu. Yeniyetmə və gənclər arasında xeyli sayıda istedadlı və güclü xanım şahmatçılar var. Uşaqlara və yeniyetmələr tövsiyə edirəm ki, səbr, həvəs və istəklə üzərlərində işləsinlər və mütəmadi məşq etsinlər”.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.
Telegram kanalımız