Bakıda köhnə, qəzalı və ya dövlət əhəmiyyətli layihələrin keçdiyi ərazilərdə evləri plana düşən sakinlərin qarşısında duran ən başlıca məsələ kompensasiya məbləğinə uyğun, eyni zamanda yaşayış rahatlığını qoruyub saxlayan yeni mənzil tapmaqdır.


Son illərdə paytaxtın baş planına uyğun olaraq "Sovetski" kimi tanınan Yasamal ərazisində, "Papanin" və "Kubinka" adlanan köhnə məhəllələrdə, eləcə də Xətai rayonundakı "Ağ Şəhər" layihəsi çərçivəsində və Nəsimi rayonundakı qəzalı binalarda aparılan genişmiqyaslı söküntülər minlərlə sakini bu seçimlə üz-üzə qoyub.


Plan çərçivəsində təklif olunan kompensasiyalar adətən bazar qiymətlərinin müəyyən bir həddini əhatə etdiyi üçün mənzil sahibləri qiymət və keyfiyyət nisbəti baxımından ən əlverişli ərazilərə tutunmalı olurlar. Paytaxtın daşınmaz əmlak bazarındakı cari mənzərəni təhlil etdikdə, bu kateqoriyadan olan alıcılar üçün bir neçə əsas istiqamət ön plana çıxır. Sezar pizza


“Yeni Sabah”ın araşdırmasına əsasən, ilk növbədə, Xırdalan şəhəri və Masazır qəsəbəsi büdcə baxımından ən əlçatan və sərfəli alternativlər sırasındadır. Mərkəzdən nisbətən kənarda yerləşsələr də, bu ərazilərdə həm yeni tikili binalarda, həm də həyət evlərində kvadratmetr qiyməti mərkəzi rayonlarla müqayisədə kifayət qədər aşağıdır. Məsələn, "Sovetski" və ya "Papanin" ərazisində plana düşən kiçik kvadratmetrə malik bir mənzilə ödənilən kompensasiya hesabına Xırdalan və ya Masazırda daha geniş kvadratmetrə malik, tam təmirli və yeni tikili mənzil əldə etmək mümkündür. Son illərdə nəqliyyat infrastrukturunun və sosial obyektlərin inkişafı da bu ərazilərin cəlbediciliyini artırır.


Paytaxtın daxilində qalıb mərkəzə daha yaxın olmaq istəyənlər üçün isə Suraxanı, Sabunçu və Xətai rayonlarının kənar qəsəbələri (məsələn, Əhmədli, Həzi Aslanovun yuxarı hissələri, Yeni Günəşli, Hövsan və Bakıxanov) optimal seçim hesab olunur. Xüsusilə Nəsimi və Nərimanov rayonlarında pilot layihələr çərçivəsində köhnə 2-3 mərtəbəli binaları sökülən sakinlərin bir çoxu kirayə dövründən sonra və ya nağd ödəniş seçdikdə məhz bu ərazilərə üstünlük verirlər. Bu məkanlarda həm Sovet dövründən qalma köhnə tikili panelli binalarda, həm də son illərdə inşa edilən yaşayış komplekslərində münasib qiymətə mənzil tapmaq mümkündür. Metro stansiyalarına yaxınlıq və inkişaf etmiş marşrut şəbəkəsi iş yeri mərkəzdə olan sakinlər üçün böyük üstünlük yaradır.


Daha böyük ailələr və ya fərdi ev üstünlüyünü saxlamaq istəyənlər üçün isə Binəqədi, Zabrat, Mehdiabad və Mərdəkan istiqamətindəki fərdi yaşayış evləri ən gəlirli alternativdir. Mərkəzi küçələrdə söküntüyə məruz qalan kiçik və şəraitsiz həyət evlərinin kompensasiyası ilə bu ərazilərdə geniş torpaq sahəsi olan, müasir standartlara cavab verən həyət evi almaq tamamilə realdır. Nəticə etibarilə, evi plana düşənlər üçün ən sərfəli məkana qərar verərkən prioritet düzgün müəyyənləşməlidir: ya şəhər mərkəzinə rahat çıxışı olan orta kvadratlı bina mənzili, ya da şəhər kənarında daha geniş, müstəqil yaşayış sahəsi.


Nazim Hacıyev



Telegram kanalımız