Sosial şəbəkədə avtomobil kirayəsi ilə bağlı dərc olunan elan ciddi müzakirələrə səbəb olub.


“Yeni Sabah” xəbər verir ki, elanda tələb olunan şərtlər və iş rejimi bir çox istifadəçilər tərəfindən sərt şəkildə tənqid edilib. Xüsusən 1 gün istirahətlə bağlı kriteriya ciddi qanun pozuntusu kimi qiymətləndirilib.


Mövzu ilə bağlı “Yeni Sabah”a danışan hüquqşünas Aqşin İsgəndərov bildirib ki, praktikada, taksi sifarişi operatorlarının sürücülərlər əmək müqaviləsi bağlamaqdan boyun qaçıraraq, onlarla xidmət müqaviləsi bağladığının şahidi oluruq: pizza hut


“Bu cür elanlarda əsas diqqət edilməli məqam taksi xidmətlərini təşkil edən şəxs və ya qurumla (taksi sifarişi operatoru) taksi sürücüləri arasındakı münasibətlərin xarakteridir. Belə ki, “Avtomobil nəqliyyatı haqqında” Qanunun 1.0.34-cü maddəsinə görə taksi sifarişi operatoru dedikdə, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirən şəxslərə taksi sifarişi xidməti göstərən hüquqi şəxs və ya fərdi sahibkar başa düşülür. Sözügedən fəaliyyətin həyata keçirilə bilməsi üçün operatorların taksi sürücülərinə ehtiyacı olur ki, bu zaman sürücülər bilavasitə operatorların əsas işinin təşkili və həyata keçirilməsində iştirak etdiyindən, onlar arasında yaranan münasibətlər əmək hüquqi xarakter daşıyır.


Həmçinin bu məsələ Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü bəndinin tələblərindən irəli gəlir. Həmin maddəyə görə, tərəflər arasında işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı münasibətlər yaranarsa, belə münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki-hüquqi (xidməti) müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Lakin praktikada, taksi sifarişi operatorlarının sürücülər əmək müqaviləsi bağlamaqdan boyun qaçıraraq, onlarla xidmət müqaviləsi bağladığının şahidi oluruq.


Qeyd edim ki, bu yanaşmanın əksini iddia edənlər də var. Belə ki, əks yanaşmaya görə əmək münasibətlərindən fərqli olaraq, burada tərəflər arasında hər hansı tabelilik yoxdur. Operator sürücüyə yalnız konkret sifarişi ötürür. Sürücü bu sifarişi müstəqil şəkildə yerinə yetirir, bunun müqabilində müəyyən olunmuş ödəniş alır və tərəflər arasındakı qarşılıqlı öhdəlik həmin sifarişin tamamlanması ilə bitir.



Əmək müqaviləsi ilə çalışan şəxslərdən fərqli olaraq, operatorlarla müqavilə bağlayan sürücülər tam sərbəst iş qrafikinə malikdirlər, başqa sözlə müəssisədaxili intizam qaydalarına və konkret iş vaxtı rejiminə tabe deyillər. Əks yanaşmanı müdafiə edənlərin əsas arqumenti isə  budur ki, mövcud qanunvericiliyə görə, fiziki şəxslərin öz mülkiyyətində və ya istifadəsində olan avtomobillə taksi xidməti göstərməsi fərdi sahibkarlıq fəaliyyəti sayılır və bu şəxslər vergi ödəyicisi hesab olunurlar. Sürücülərin VÖEN əsasında fəaliyyət göstərməsi onların muzdlu işçi olmadığını, müstəqil olaraq öz riski ilə sahibkarlıq fəaliyyəti həyata keçirən subyektlər olduğunu göstərir”.


Hüquqşünas əlavə edib ki, ayda cəmi 1 gün istirahət verilməsi əmək qanunverciliyinin pozulması hesab olunur:


“Vəziyyət belə olduqda, həmin sürücülər hüquqi olaraq işçi statusu əldə edə bilmədikərindən faktiki olaraq bir sıra əmək hüquqlarından da məhrum olurlar. Bu hüquqlara istirahət hüququ qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq, həftələrarası istirahət günlərindən istifadə etmək, həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək, ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək, işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək, osial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək, işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq kimi hüquqları misal göstərə bilərik.


Bu baxımdan göstərilən elanda da, ayda cəmi 1 gün istirahət verilməsi əmək qanunverciliyinin pozulması hesab olunacaqdır. Məcəllənin 104-cü maddəsinə əsasən hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Bu istirahət günlərinin sayı beşgünlük iş həftəsində 2 gün, altıgünlük iş həftəsində isə 1 gündən az ola bilməz”.


A.İsgəndərzadə vurğulayıb ki, şəxs pozulmuş hüquqlarının bərpası, əmək müqaviləsi bağlanılmasının tələb edilməsi, eləcə də qanunsuz iş şəraiti nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi iddiaları ilə birbaşa məhkəməyə müraciət etmək hüququna malikdir:


“Şəxsin hüquqlarının pozulduğu təqdirdə müraciət edə biləcəyi qurumlar arasında Dövlət Əmək Müfəttişliyi Xidməti, məhkəmələr, mediasiya təşkilatları yer alır.


Hər nə qədər operatorlarla sürücülər arasındakı münasibətlər faktiki olaraq əmək müqaviləsi ilə rəsmiləşdirilməsə də, münasibətlərin xarakterini nəzərə alaraq əmək müqaviləsi bağlanılmadan sürücülərin işlədilməsi məsələsi əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına birbaşa dövlət nəzarətini həyata keçirən əsas icra qurumu olan Əmək Müfəttişliyinin səlahiyyətinə daxildir.


Bundan başqa şəxs pozulmuş hüquqlarının bərpası, əmək müqaviləsi bağlanılmasının tələb edilməsi, eləcə də qanunsuz iş şəraiti nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi iddiaları ilə birbaşa məhkəməyə müraciət etmək hüququna malikdir.


Tərəflər arasında hər hansı mübahisə yarandığı təqdirdə, alternativ həll yollarından biri də mediasiya təşilatlarına müraciət olunmasıdır”.


Nazim Hacıyev



Telegram kanalımız