“Azərbaycan kimi ölkələrdə bu mövzunun müzakirəsi ümumiyyətlə absurddur. Bizim sayımız onsuz da azdır. Əhalimizin sayı azalsa, hərbi-siyasi baxımdan da problemlər yaradacaq”.


Bu sözləri “Yeni Sabah”a açıqlamasında sosioloq Mail Yaqub deyib. O bildirib ki, robotların sayı  müxtəlif sahələrdə insan əməyini əvəz edəcək qədər deyil:


“Hazırda demoqrafik artımla bağlı ən ciddi problem Avropada yaşanır. Pensiya yaşına çatmış əhalinin sayı çoxalıb, işçi qüvvəsi isə azalıb. Bu, pensiya fondlarının həddən artıq yüklənməsi deməkdir. Gənc işçi qüvvəsi azaldığı üçün, bu ölkələr xaricdən mühacir qəbul etməyə məcburdur. Robotların sayı o qədər deyil ki, onlar müxtəlif sahələrdə insan əməyini əvəz etsin. 10-15 il sonra robotların sayı artsa və bunun müqabilində insanların sayı azalsa, nə baş verəcək? Bu sualın cavabını vermək çətindir”. pizza mizza


Sosioloq əlavə edib ki, demoqrafik stabillik ölkənin hərbi-strateji baxımdan təhlükəsizliyini təmin edən faktorlardan biridir:


“Hazırda dünyanın 2 ölkəsinə, Çin və Hindistanda əhalinin sayı kifayət qədərdir. Bu mövzunun mənəvi və iqtisadi tərəfləri var. Mənəvi tərəfi abortlarla bağlıdır. Əxlaq filosofları abortun düzgün olub-olmamasını araşdırır. Məsələn, dində aborta icazə verilmir. Abort insan qətli hesab olunur. Demoqrafik stabillik ölkənin hərbi-strateji baxımdan təhlükəsizliyini təmin edən faktorlardan biridir”.


M.Yaqub vurğulayıb ki, robotların özü ilə bağlı da xeyli açıq və cavabsız suallar var:


“Robotlar gedib əsgər kimi vuruşacaq? Bu sualın cavabını ancaq həmin texnologiyaya bələd olan mütəxəssislər bilə bilər. Robotların özü ilə bağlı da xeyli açıq və cavabsız suallar var. Onlar bütün sahələrdə insan kimi işləyə biləcəklərmi? Robot əsgərlər Azərbaycanı bir vətən kimi sevəcəklər? Bunlar hamısı açıq və çətin suallardır”.


Qeyd edək ki, son günlər sosial şəbəkələrdə demoqrafik azalma və gündəlik həyatda robotlardan istifadə məsələsi geniş müzakirə olunur. Bir tərəf robotların tədricən insan əməyini əvəz edəcəyini və artıq yüksək doğum göstəricilərinə ehtiyac qalmadığını iddia etsə də, bu yanaşma ilə razılaşmayanlar da az deyil.


Nazim Hacıyev



Telegram kanalımız