Əmək münasibətlərində işçilərin vətəndaşlığına, cinsinə, yaşına, ailə vəziyyətinə, dininə, etnik mənsubiyyətinə və digər amillərə görə ayrı-seçkiliyə yol verilməsi qadağandır.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.


Bildirilib ki, əmək qanunvericiliyinə əsasən, işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi və əməyinin nəticələri ilə bağlı olmayan amillərə görə birbaşa və ya dolayı ayrı-seçkiliyə yol verilməsi yolverilməzdir. Dominos pizza


Qeyd olunub ki, bu tələbləri pozan işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.


İşəgötürənlər cinsindən asılı olmayaraq eyni işlə məşğul olan əməkdaşlar üçün eyni iş şəraiti yaratmalı, eyni və ya bərabər dəyərli işi yerinə yetirən şəxslərə bərabər əməkhaqqı ödəməlidirlər. Həmçinin eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tətbiq edilməməli və cinsi ayrı-seçkiliyin qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir.


Məlumata görə, müəyyən edilmiş hallar istisna olmaqla, əlilliyi olan şəxslə əlillik səbəbindən əmək müqaviləsinin bağlanmasından imtina etmək, onu işdə irəli çəkməmək, əmək müqaviləsinə xitam vermək və razılığı olmadan başqa işə, peşəyə və ya vəzifəyə keçirmək qadağandır.


İİV ilə yaşayan şəxslərin də işləməsinə icazə verilməyən peşə və vəzifələr istisna olmaqla, onların virusa yoluxması səbəbindən işə qəbul edilməməsi, işdə irəli çəkilməməsi və ya işdən azad olunması yolverilməzdir.


Eyni zamanda, şəxsin dağınıq skleroz xəstəsi olması səbəbindən əmək müqaviləsinin bağlanmasından imtina edilməsi və ya müqaviləyə xitam verilməsi də qanunla qadağandır. Bununla bağlı qanunvericilikdə müəyyən istisnalar nəzərdə tutulur.


Nazirlikdən bildirilib ki, qadınlara, əlilliyi olan şəxslərə, ailə vəzifələri olan əməkdaşlara, yaşı 18-dən az olan şəxslərə, sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə, eləcə də işğaldan azad edilmiş ərazilərdə çalışan mütəxəssislərə əmək münasibətlərində güzəşt, imtiyaz və əlavə təminatların verilməsi ayrı-seçkilik hesab edilmir.


Aytac Əliyeva



Telegram kanalımız