Azərbaycanın PISA 2025 beynəlxalq qiymətləndirməsində oxu savadlılığı üzrə nəticələri açıqlanıb.


“Yeni Sabah” xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev nəticələri təqdim edərkən oxu savadlılığı üzrə vəziyyətin ürəkaçan olmadığını bildirib.


Nazirin sözlərinə görə, Azərbaycan bu istiqamətdə ciddi geridə qalır. O qeyd edib ki, ölkədə şagirdlərin oxuduğunu anlama problemi var. Dominos pizza


“Bu, şəxsən mənimlə əlaqəli deyil, bizim pedaqoji praktikamızla bağlıdır. Bunu mən tək dəyişə bilmərəm. Sinfə girən müəllimlər dəyişməlidir. Bizdə oxuya lazımi qədər fokus yoxdur. Biz oxuda əsaslı geri qalırıq”, – deyə Emin Əmrullayev bildirib.


Nazir bu geriliyin keçmiş sovet təhsil sisteminin təsirləri ilə əlaqəli ola biləcəyini də deyib. Onun sözlərinə görə, oxu savadlılığı üzrə oxşar gerilik digər keçmiş sovet ölkələrində də müşahidə olunur.


Emin Əmrullayev vurğulayıb ki, bu sahədə görüləsi işlər çoxdur və nəticələrin yaxşılaşdırılması yolları tapılmalıdır:


“Mən həmişə deyəndə ki, biz oxuduğumuzu başa düşmürük, bax, bu nəticələrə əsaslanıram. Bu, mənim şəxsi təxəyyülüm deyil. Bu, Azərbaycan üçün kifayət qədər ciddi problemdir. Oxuduğunu başa düşməyən dinlədiyini, eşitdiyini də başa düşməyəcək. Çünki dinləyib anlama oxuyub anlamadan daha çətindir. Bu, bizim ağrılı problemimizdir”.


Əsmətxanım Rzazadə



Telegram kanalımız