Hər hansı bir istiqamətə təyyarə bileti alarkən axtarış prosesini bir neçə dəfə təkrarladıqda alqoritm bunu qeydə alır və bu da istər-istəməz qiymətə təsir edir.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert, avto blogger Rafiq Raufoğlu bildirib. Onun sözlərinə görə, taksi xidməti də eyni prinsiplə fəaliyyət göstərir:
“Tələbatın kəskin artması sistemdə dərhal görünür və təbii olaraq qiymətlər qalxır. Etiraf etmək lazımdır ki, burada müəyyən manipulyasiya halları da baş verir. Hətta bir çox ölkələrdə olduğu kimi, özünəməxsus bir “hərrac effekti” yaranır: taksi sifariş edirsiniz, qiymət görünür, lakin avtomobil tapılmır. Bu zaman sistem təklif olunan məbləği artırmağı məsləhət görür. Daha yüksək qiyməti təsdiqlədikdə isə taksi dərhal gəlir”. Marqarita pizza
Ekspert qeyd edib ki, qiyməti sürücülər müəyyən etmir, əks halda onlar məbləğin daha da yüksək olmasını istəyərdilər:
“Hazırda sürücülər mövcud tariflərdən narazıdırlar, sərnişinlər isə qiymətlərin bahalaşdığını bildirirlər. Əlbəttə ki, qiymət günün saatından və məsafədən asılı olaraq dəyişir. Əslində, belə məqamlarda dövlət alternativlər təqdim etməlidir. Məsələ qadağalarla deyil, həll yolları ilə tənzimlənməlidir. İctimai nəqliyyat lazımi səviyyədə olarsa, heç kim baha qiymətə taksi ilə getməyə həvəs göstərməz. Alternativlərimizi nə qədər inkişaf etdirsək, taksi bizim üçün məcburiyyət deyil, həqiqətən də komfortlu bir seçim olar. Hazırda isə vətəndaşlar ictimai nəqliyyatın əlçatanlığından tam yararlana bilmədikləri üçün, xüsusən də yağışlı havalarda məcburi şəkildə taksilərə üz tuturlar”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız