“Kollec bitirən məzunların da müəllim işləmək hüququ var. Sadəcə o qədər ali təhsilli müəllim məzun olub ki, onları orta məktəblərə yerləşdirə bilmirlər. Ona görə də kollec məzunlarını sıxışdırırlar ki, onları çıxarıb ali təhsilli müəllimləri işə götürsünlər”.


Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil məsələləri üzrə ekspert İlham Əhmədov deyib.


O bildirib ki, kolleci bitirən müəllimlər arasında universitet bitirənlər səviyyəsində olanlar az deyil: pizza sifarişi


“Amma bu o demək deyil ki, kolleci bitirən müəllim, ali təhsilli müəllimdən metodiki bilik və pedaqoji savad baxımından geri qalır. Kolleci bitirən müəllimlər adətən ibtidai sinif, məktəbəqədər təlim-tərbiyə və bədən tərbiyə kimi sahələrdə çalışır.


Fundamental fənlər əksəriyyət etibarı ilə, ali təhsilli müəllimlərin ixtiyarındadır. Kolleci bitirən müəllimlər arasında universitet bitirənlər səviyyəsində olanlar az deyil. Çünki universitet diplomu olanların hamısı da keyfiyyətli pedaqoqdur demək deyil axı. Onların da arasında zəiflər var”.


Ekspert əlavə edib ki, nazirin PISA 2025 nəticələrinin təqdimatı zamanı səsləndirdiyi neqativlər ölkənin təhsil siyasətində idarəetmənin, planlaşdırmanın, proqnozlaşdırmanın düzgün olmadığını göstərir:


“Kollec məzunlarının sayı o qədər də çox deyil. Üstəlik son 20 il ərzində işə qəbul MİQ imtahanları ilə baş tutur. Bu imtahanlarda iştirak edənlərin əksəriyyəti ali təhsillilərdir. Bu baxımdan, nazir Emin Əmrullayevin səsləndirdiyi 80-90 faiz rəqəmi inandırıcı deyil.


Ucqar kəndlərdə şərait zəif olduğu və maaşın azlığı səbəbindən kollec müəllimləri daha çox ola bilər. Amma ümumilikdə regionlarda çalışan müəllimlərin əksər hissəsinin kollec məzunu olması fikri ağlabatan deyil.


Ümumilikdə nazirin səsləndirdiyi neqativlər ölkənin təhsil siyasətində idarəetmənin, planlaşdırmanın, proqnozlaşdırmanın düzgün olmadığını göstərir. Nazirin dünənki təqdimatı Azərbaycan təhsilinin ağır durumda olduğunu və nazirliyin bunu ört-basdır etmək niyyətində olduğunu təsdiq etdi.


Nazir deyir ki, təhsilin yaxşılaşma imkanı dünyanın bir çox ölkələrindən daha sürətlidir. Halbuki bir neçə ay öncə DİM-in hesabatı çıxmışdı və orada qeyd olunmuşdu ki, şagirdlərin proqramı mənimsəmə göstəricisi cəmi 40 faizdir. Nazirin səsləndirdiyi fikirlərlə reallıq arasında təzad var”.


Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev dünən baş tutan PISA 2025 nəticələrinin təqdimatı zamanı deyib ki, bəzi bölgələrimizdə müəllimlərin 80-90 faizi ali təhsilli deyil, orta ixtisas təhsillidir. Nazir bildirib ki, son illərdə pedaqoji kadrlara qoyulan tələblər sərtləşdirilib, akademik göstəricisi aşağı olan şəxslərin müəllim kimi fəaliyyət göstərməməsi ilə bağlı mühüm qərarlar qəbul edilib.


Nazim Hacıyev



Telegram kanalımız