Şəki rayonundakı “Şəki Yaylası” istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisənin ilkin açıqlanan səbəbi ilə bağlı yeni məlumat yayılıb.


“Yeni Sabah” xəbər verir ki, AzTV-nin hadisə yerindən hazırladığı reportajda ziplayn qurğusunun trosunun qırılmadığı deyilib.


Reportajda qeyd olunub ki, hadisə zamanı güclü külək və yaranmış təşviş nəticəsində ziplayn arabacığının rolikləri trosdan çıxıb. Nəticədə qurğudan istifadə edən iki gənc yerə yıxılaraq həyatını itirib. pizza sifarişi


Telekanalın çəkilişlərində trosların hadisədən sonra da yerində və bütöv qaldığı göstərilib. Bununla belə, faciənin dəqiq səbəbi aparılan istintaqla müəyyənləşdiriləcək.


AzTV-nin məlumatına görə, hadisənin baş verdiyi ərazidə ötən gün istintaq tədbirləri aparılıb və mərkəzə giriş məhdudlaşdırılıb. Səhər saatlarından isə ərazi yenidən açılıb.


Reportajda qurğunun icbari sığortasının və aidiyyəti qurumlar tərəfindən texniki baxışdan keçirilməsinə dair sənədlərinin olduğu da iddia edilib. Bildirilib ki, trosların vəziyyəti, metal konstruksiyaların yararlılığı və aparılmış texniki baxışlarla bağlı sənədlər Şəki Rayon Prokurorluğuna təqdim olunub.


Həmçinin ziplayndan istifadə edən şəxslərin əvvəlcədən risklər və sığorta şərtləri ilə bağlı sənəd imzaladıqları qeyd edilib.


Xatırladaq ki, hadisə nəticəsində 27 yaşlı Ucal Bayramov və 31 yaşlı Coşqun Məmmədov həyatını itirib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma davam etdirilir.


 




Telegram kanalımız