Şəkidə kanatın trosunun qırılması nəticəsində iki nəfərin ölməsi ölkədə ciddi narazılıq yaradıb. İnsanlar haqlı olaraq belə qurğuların nə dərəcədə təhlükəsiz olduğunu və ümumiyyətlə, yoxlanılıb-yoxlanılmadığını soruşurlar. Bəs kanatın trosu qəfil qırıla bilərmi?
“Yeni Sabah”a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev faciəyə səbəb olan problemin detallarını açıqlayıb:
“Turizm və istirahət mərkəzlərində istifadə olunan kanat, ziplayn və digər ekstremal əyləncə qurğuları birbaşa insan həyatı və təhlükəsizliyi ilə bağlı olduğundan ciddi texniki nəzarət tələb edən qurğulardır. Ölkəmizdə qüvvədə olan normativ qaydalara əsasən, sərnişin daşıyan bu sistemlər təhlükə potensiallı obyekt statusuna malikdir və mütləq dövlət reyestrində qeydiyyata alınmalıdır. Bu o deməkdir ki, həmin qurğuların istismarı sahibkarın şəxsi istəyindən asılı deyil və dövlət tərəfindən müəyyən edilmiş konkret texniki reqlamentlərə tabe edilir. Marqarita pizza
Həmin qaydalara görə, insan daşıyan polad trosların möhkəmlik ehtiyatı faktiki düşən canlı yükdən ən azı 3-4 dəfə artıq yükə hesablanmalıdır. Nəzərə almaq lazımdır ki, polad tros adi bir məftil deyil, xüsusi hörülmüş və yüksək davamlı materialdır. Belə troslar, bir qayda olaraq, qəfil və bir neçə saniyənin içində səbəbsiz yerə qırılmır. Polad tros qırılmazdan xeyli əvvəl müəyyən siqnallar verir: tellər ayrıla, korroziya yarana, trosda deformasiyalar və əyilmələr baş verə bilər”.
Ekspert qeyd edib ki, trosda cüzi aşınma belə onun istifadədən çıxarılması üçün əsasdır:
“Qaydalarda da açıq şəkildə göstərilir ki, trosun diametri sürtünmə və ya paslanma nəticəsində 7 faiz azalıbsa, yaxud daxili metal kəsiyinin 10 faizi zədələnibsə, tros üzərindən bütöv və yeni görünsə belə, dərhal yararsız hesab edilməli və istismardan çıxarılmalıdır. Həmçinin kəskin hava şəraitinin təsirindən və ya ildırım vurmasından sonra tros xüsusi diaqnostik cihazlarla yoxlanılmalıdır. Belə hallarda qurğu yoxlama aparılmadan dərhal istismara buraxılmamalıdır.
Dünya təcrübəsində bu cür troslarla bağlı əsas prinsiplərdən biri də insan daşınan sistemlərdə təhlükəsizliyin yalnız bir trosdan asılı olmamasıdır. Mütləq paralel işləyən ikinci, ehtiyat xəttin olması tövsiyə olunur ki, əsas trosda hər hansı qırılma baş verdikdə istifadəçinin həyatı təhlükə ilə üz-üzə qalmasın”.
O, təhlükəsizlikdə personalın hazırlığının da mühüm rol oynadığını deyib:
“Təhlükəsizliyin təmin edilməsində digər vacib amil isə personalın peşəkarlığı və hazırlığıdır. Qanunvericilik bu qurğularda çalışan bələdçilərin, təlimatçıların və nəzarətçilərin xüsusi komissiya qarşısında bilik yoxlanışından, yəni attestasiyadan keçmiş şəxslər olmasını tələb edir. Təlimatçının vəzifəsi yalnız sərnişinə təhlükəsizlik kəməri taxmaqdan ibarət deyil. O, vətəndaşa texniki qaydaları izah etməli, çəki limitini dəqiq nəzərə almalı və ən əsası, qurğuda, kəmərdə və ya trosda ən kiçik nasazlıq aşkar etdikdə prosesi dərhal dayandırmalıdır.
Göründüyü kimi, normativ sənədlərdə hər bir detal – hər səhər keçirilməli olan gündəlik vizual baxışlar, test yükləri və sınaqlar, işçilərin hazırlığı, eləcə də dövlət orqanları tərəfindən aparılan ilkin və dövri müayinələr birmənalı şəkildə təsbit olunub. Burada əsas məsuliyyət xidmət göstərən sahibkarlıq subyektinin daxili nəzarət mexanizminin üzərinə düşür.
Hər bir istirahət mərkəzi anlamalıdır ki, təhlükəsizlik qaydaları formal sənəd deyil. Bu qaydaların arxasında birbaşa insan həyatı dayanır və müəyyən edilmiş standartlara hər zaman ciddi şəkildə əməl olunmalıdır”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız