“PISA2025 cəmiyyətdə ciddi müzakirə olunur. Anlaşılandır. Təhsil cəmiyyətin hər bir üzvünə aid olan məsələlərdəndir. İlk öncə bəzi tənqidləri nəzərə alaraq qeyd etmək istərdim ki, əvvəlki qiymətləndirmə ilə müqayisədə indiki dinamikanın kifayət qədər yüksək olması çox təqdirəlayiqdir”.


“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, PISA datası görüləcək işlərin də miqyasını göstərir:


“Azərbaycan hər üç istiqamət üzrə ən böyük irəliləyiş göstərən ölkələr sırasında 2-ci olub. Xüsusilə Bakı üzrə nəticələr diqqətçəkəndir. 2022-ci illə müqayisədə riyaziyyatda 63 bal, təbiət elmlərində 60 bal, oxuda isə 40 bal artım var. Riyaziyyatda Bakı 397-dən 460 bala yüksəlib. pizza mizza


Bunu görməmək, qeyd etməmək ədalətsizlik olardı. Amma bu nəticələr təhsilimizdə problemlərin həll olunduğu anlamına gəlmir.


Əksinə, PISA datası görüləcək işlərin də miqyasını göstərir. Ölkə üzrə riyaziyyatda şagirdlərin yalnız 48%-i baza səviyyəsinə və ya ondan yuxarıya çata bilib. Yəni yarıdan çoxu bu həddən aşağıdır. OECD üzrə bu göstərici 65%-dir.  Dünən PISA2025 nəticələri açıqlananda Bakı və regionlar arasında kəskin fərqlə bağlı nazirə sual ünvanlamışdım.


Emin müəllim bunun daha çox regionlarda ibtidai təhsilin keyfiyyətinə bağlı olduğunu vurğulamışdı. 100 ballıq fərqin hədsiz çox, anormal olduğunu nəzərə alaraq bu REGİONAL BƏRABƏRSZİLİK məsələsinə yenidən qayıtmaq istədim.


Cədvəldən görünür ki, Bakı ilə ən aşağı nəticə göstərən iqtisadi rayon arasında 100 ballıq fərq yaranıb. Bu, hədsiz böyük fərqdir, məncə, üzərində ayrıca dayanmalı olduğumuz məsələdir.


Səbəblər müxtəlif ola bilər.


Nazirin qeyd etdiyi kimi regionlarda ibtidai təhsilin zəif olması, müəllim təminatı və müəllimlərin peşəkarlıq səviyyəsində fərqlər, məktəblərin infrastrukturu və resurslara çıxış, ailələrin sosial-iqtisadi vəziyyəti, valideynlərin təhsil səviyyəsi, şəhər və kənd məktəbləri arasındakı imkan fərqləri və s”.


O.Gündüz əlavə edib ki, Bakı ilə bağlı vəziyyətdə müsbət istiqamətdə daha ciddi irəliyəşilər olub:


“Görünən odur ki ,PISA2025 bizə eyni zamanda iki mesaj verir. Birincisi son üç ildə xeyli irəliləyiş əldə edilib. Xüsusən də Bakı ilə bağlı vəziyyətdə müsbət istiqamətdə daha ciddi irəliyəşilər olub.


Bu təqdirəlayiqdir. Amma ölkə üzrə real vəziyyət, tədqiqatı əhatə edən ölkələrin ortalaması ilə müqayisədə problemlər və görüləcək işlər daha çoxdur.


Məncə, növbəti mərhələdə təhsil siyasətinin əsas hədəflərindən biri məhz regional təhsil fərqinin kəskin azaldılması olmalıdır.


PISA -ya görə 20 bal bir tədris ilinə uyğun öyrənmə fərqini təsəvvür etmək üçün istifadə olunur. Bu yanaşmanı yalnız şərti müqayisə kimi götürsək, Bakı ilə Mil–Muğan arasındakı 100 ballıq fərqin miqyası təxminən 5 tədris ilinə bərabər öyrənmə fərqi təsəvvürü yaradır. Bu, sözün birbaşa mənasında “Mil–Muğan Bakıdan 5 il geridədir” demək deyil, amma problemin nə qədər böyük olduğunu göstərən çox ciddi siqnaldır”.


Nazim Hacıyev



Telegram kanalımız