“Türkiyə ilə Azərbaycanın dostluğu və qardaşlığı sarsılmazdır və əbədi olaraq belə də qalacaq. Təəssüf ki, bəzi dairələr özlərini böyük qardaş kimi apararaq Türkiyədəki bəzi qrupların səhv yola düşməsinə və fəallaşmasına səbəb olurlar. Bu qrupları idarə edən və təxribat törədənlər hamıya məlumdur”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. O bildirib ki, Azərbaycan müstəqil dövlətdir, kimsənin vassallığı deyil:
“Bu gün Azərbaycana qarşı səhv yola çıxan və fərqli millətlərdən olan bu qruplar sabah Türkiyə rəhbərliyinə qarşı yönələcək və Türkiyəni çətin duruma salacaqlar. Tarixdən də məlumdur ki, bu cür qruplaşmalar hər zaman Osmanlıya və Türkiyəyə zərbə vurub. Bəziləri bilərəkdən həqiqəti təhrif edir və guya Azərbaycanda hicaba və dini geyimlərə qadağa qoyulduğunu iddia edirlər. pizza hut
Lakin belə bir şey qətiyyən yoxdur. İstənilən şəxs Azərbaycanın istənilən bölgəsində sərbəst şəkildə istədiyi kimi geyinə bilər. Nazirlər Kabinetinin qərarı hicab qadağası deyil, ümumtəhsil məktəblərində vahid məktəbli formasının tətbiqi ilə bağlıdır. Bu, tamamilə Azərbaycanın daxili işidir. Azərbaycan müstəqil dövlətdir, kimsənin vassallığı deyil”.
Deputat əlavə edib ki, Türkiyədəki bəzi qruplar tərəfindən yayılan bu cür fikirlər ümumilikdə türklüyə və turançılığa zərbə vurmaq məqsədi daşıyır:
“Ölkəmizdə məktəblərdə vahid geyim forması tətbiq olunub və bunun hicabla heç bir əlaqəsi yoxdur, qadınlar və qızlar bu məsələdə tamamilə sərbəstdirlər. İran tərəfindən və Türkiyədəki bəzi qruplar tərəfindən yayılan bu cür fikirlər ümumilikdə türklüyə və türançılığa zərbə vurmaq məqsədi daşıyır.
Təəssüf ki, hətta Türkiyə prezidentinin yaxın ətrafından olan bəzi şəxslər də Azərbaycana qarşı səhv fikirlər səsləndirirlər. Bu cür yanaşmalar gələcəkdə məhz Türkiyənin özünə qarşı yönələcək və böyük peşmançılıq yaradacaq. Bütün bunlar bütövlükdə Türkiyə xalqının deyil, müəyyən təxribatçı qrupların mövqeyidir.
Bu cür münasibətlərə xələl gətirmək istəyənlər əslində türk dünyasının birliyinə zərbə vururlar. Kənardan baxıb Türkiyə ilə Azərbaycanın ayrılmasını gözləyən və murdar xəyallarını həyata keçirmək istəyən düşmənlərə fürsət verməmək üçün hər zaman diqqətli olmalıyıq”.
Qeyd edək ki, son dövrlərdə Türkiyənin sosial media seqmentində sıravi vətəndaşlardan tutmuş tanınmış şəxslərədək geniş bir kütlə tərəfindən Azərbaycana qarşı təşkil olunmuş informasiya hücumları müşahidə edilir. Bununla yanaşı, Azərbaycanın Türkiyədəki səfirliyi qarşısında etiraz aksiyalarının keçirilməsi də məsələnin təkcə virtual məkanla məhdudlaşmadığını, real müstəvidə də müəyyən gərginlik və narazılıqların yaradılmasına cəhd göstərildiyini göstərir.
Nazim Hacıyev
Telegram kanalımız