Azərbaycan iqtisadiyyatı son 22 ildə dörd dəfədən çox böyüyüb, ölkənin valyuta ehtiyatları isə 90 milyard dollara çatıb. İşğaldan azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən 26 milyard manata yaxın vəsait ayrılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. O, Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi göstəriciləri, xarici ticarət dövriyyəsindəki artımı və Qarabağla Şərqi Zəngəzurun bərpası istiqamətində görülən işləri dəyərləndirib.
Deputat bildirib ki, oktyabrın 15-də keçirilən Zirvə Toplantısında Prezident İlham Əliyev Azərbaycanın strateji hədəflərini açıqlayıb: Sezar pizza
“Artıq 23 ildir ki, Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji məqsədləri reallaşdırır. Dünən həmçinin Azərbaycan Prezidentinin dövlət başçısı seçilməsindən 23 il ötdü”.
V.Bayramovun sözlərinə görə, Azərbaycan iqtisadi artım tempinə görə qlobal göstəriciləri də üstələyib:
“Son 22 il ərzində Azərbaycan iqtisadiyyatı dörd dəfədən çox böyüyüb. Qlobal iqtisadi artımla müqayisədə isə Azərbaycanın ÜDM-i həmin dövrdə daha sürətlə artıb. Qlobal ÜDM 39,3 trilyon dollardan 118 trilyon dollara yüksələrək 3 dəfə artıb. Bu isə göstərir ki, Azərbaycanın iqtisadiyyatı qlobal iqtisadi artımla müqayisədə 100 faizdən çox sürətlə böyüyüb”.
Deputat qeyd edib ki, eyni dövrdə Azərbaycanın büdcə gəlirləri 30 dəfədən çox, dövlət ehtiyatları isə 2 milyard dollardan 90 milyard dollara qədər artıb. Xarici ticarət dövriyyəsində də ciddi yüksəliş qeydə alınıb:
“Eyni dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi 11 dəfə artıb. Qlobal ticarət dövriyyəsi 9,4 trilyon dollardan 33 trilyon dollara qədər yüksəlsə də, Azərbaycan ticarət dövriyyəsindəki artım qlobal göstəricidən təxminən dörd dəfə yüksək olub”.
V.Bayramov vurğulayıb ki, bu göstəricilər ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu iqtisadi siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini təsdiqləyir. Onun sözlərinə görə, Azərbaycan valyuta ehtiyatlarının xarici borca nisbətinə görə dünyada ən yaxşı göstəricilərə malik ölkələrdən biridir.
Deputat işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinə də toxunub. O bildirib ki, Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması intensiv şəkildə davam edir:
“Yalnız dövlət büdcəsindən işğaldan azad olunan ərazilərimizin bərpasına 26 milyard manata yaxın vəsait ayrılıb. İşğal müddətində tamamilə dağıdılmış həmin ərazilərimizdə artıq 100 minə yaxın vətəndaşımız yaşayır, çalışır və təhsil alır. Onlardan 40 mini keçmiş məcburi köçkünlərdir”.
V.Bayramovun sözlərinə görə, azad edilmiş ərazilərdə məskunlaşma prosesi də sürətlə davam edir. O, Azərbaycanın bu işləri xarici maliyyə dəstəyi olmadan, öz daxili imkanları hesabına həyata keçirməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
Aytac Əliyeva
Telegram kanalımız